Ru
12:00 / 29 Avqust 2026

Pezeşkiandan İranın baxışlarını düzəltmək təklifi: Ali rəhbərlik buna gedəcəkmi?

Pezeşkiandan İranın baxışlarını düzəltmək təklifi:  Ali rəhbərlik buna gedəcəkmi?
Eye

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin qonşu dövlətlərlə münasibətlərinə dair vacib açıqlamalar verib.

“Bakupost” xəbər verir ki, Pezeşkian IRIB-yə müsahibəsində qonşularla yaxşı əlaqələrə malik olmağın qaçılmaz prinsip olduğunu və bu istiqamətdə bir qədər ləng hərəkət edildiyini bildirib.

İran lideri çıxışında məlum dairələrə “Biz niyə İslam ölkələri ilə dava etməliyik? Niyə bir-birimizlə ortaq dilə gəlməyək? Niyə bölgənin təhlükəsizliyini birlikdə təmin etməyək?” suallarını ünvanlayıb.

Pezeşkian dialoqun və qarşılıqlı narahatlıqların nəzərə alınmasının vacibliyini diqqətə çatdırıb.

O əlavə edib ki, Türkiyə, Azərbaycan, Türkmənistan, Pakistan, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman və Misir kimi ölkələrlə münasibətləri tənzimləmək üçün zəmin hazırdır:

“Biz baxışımızı düzəltsək, çox rahatlıqla müsəlman qardaşlarımızla əməkdaşlıq edə bilərik. Amma əgər güc mövqeyindən danışmaq istəsək, o zaman qarşı tərəf də deyəcək ki, mənim də gücüm var. Biz qardaşıq, bir-birimizin hökmdarı deyilik, əl-ələ verməliyik ki, bölgəni sakitləşdirək”.

Siyasi şərhçi Abutalıb Səmədov “Bakupost”a bildirib ki, İranda prezident həlledici söz sahibi deyil. Bu ölkənin siyasətini ali dini lider və onun ətrafındakı komanda müəyyən edir:



“İran müharibə ərəfəsində və müharibənin gedişində ciddi yanlışlıqlara yol verərək qonşularının fikirləri ilə hesablaşmadı. Nüvə məsələsi ilə bağlı danışıqlar gedərkən təklif olundu ki, İran xaricində uranın zənginləşdirilməsi üçün ortaq bir şirkət yaradılsın və zənginləşdirilmiş urandan həm ərəb dövlətləri, həm də İran istifadə edə bilsin. Bu, müharibənin qarşısını ala bilərdi. Ancaq İran bu məsələdə güzəştə getməyəcəyini bəyan edərək konstruktiv təklifləri qəbul etmədi. Nəticədə müharibə başladı və bu zaman İran hətta qonşu ərəb ölkələrinə də ardıcıl zərbələr endirdi. Beləliklə, qonşularını özündən ciddi şəkildə narazı saldı. Hətta Azərbaycan ərazisinə də PUA hücumu oldu. Tehran Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə də dəfələrlə etiraz edib”.

Ekspert qeyd edir ki, İran yürütdüyü bu cür yanlış siyasətdən və barışmaz mövqeyindən imtina etməlidir:

“Bu baş verərsə, Pezeşkianın dediyi kimi, bütün qonşu müsəlman ölkələri ilə birlik əldə oluna bilər. Pezeşkian da bunları yaxşı başa düşür. Amma həlledici söz sahibi o deyil. Ali dini rəhbər və onun komandası isə danışıqlarda kifayət qədər barışmaz mövqe tutur. Nəticədə İran blokadaya alınır. Hərbi əməliyyatların yenidən daha geniş miqyasda qızışması təhlükəsi var. İran nə qədər ki, barışmaz mövqe tutaraq qonşularla konstruktiv əməkdaşlığa getməyəcək, müsəlman ölkələri ilə birliyin əldə olunması mümkünsüz olacaq”.

Müsahibimizin fikrincə, İran rejiminin siyasi baxışlarında düzəlişə getməsi ehtimalı “sıfıra” bərabərdir:

“Pezeşkian düzgün mövqedədir, ancaq təəssüf ki, o, İranda həlledici söz sahibi deyil”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar