Bakupost.az yazıçı Şərif Ağayarın Bakupost TV YouTube kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 35-ci buraxılışının yazılı variantını təqdim edir.
Qurban Qurbanovun məğlubiyyəti…
– Həftəmiz “Qarabağ” komandasının məğlubiyyəti ilə çalxandı. Çoxlu pessimist mülahizələr və mübahisələr gördük. Bir daha futbol azarkeşləri arasında qəribə bir qədirbilməzlik müşahidə elədim. Bir zaman Qurban Qurbanovla fəxr edənlər indi deyirlər, ondan məşqçi olmaz, üzü sulu çıxıb getməlidir. Məncə, Qurban müəllimi nə o vaxt elə göylərə qaldırmaq lazım idi, nə də indi bu qədər yerə vurmaq. Məsələ budur ki, bizim futbol qələbəmiz heç də mahiyyəti üzrə – orqanik qələbə deyildi. Təsadüfi deməzdim, əlahiddə, istisna hal idi. Mən bunu hiss edirdim. Kollektiv oyunlar bir az fərqlidir. Həmişə dediyim fikrə qayıdıram: cəmiyyətin bütün sahələri birlikdə inkişaf etməlidir və orada idman da, futbol da öz yerini tutmalıdır. Bir tərəfi saqqız kimi dartıb süni şəkildə uzatmaqla heç yerə getmək olmaz. Lakin mən istəmirəm verilişimizə pessimist başlayım. Çünki biz həm də bu həftə Robert Köçəryanın həbs olunması xəbərini eşitdik. Doğrudur, onu korrupsiyaya görə tutublar, lakin inanıram ki, bir gün Azərbaycana, xalqımıza, şəxsən mənim özümə elədiklərinə görə də beynəlxalq qanun qarşısında cavab verəcək və öz layiqli cəzasını alacaq.
Laçın Şəhəri Günü…
– 26 avqustda Prezidentin müvafiq sərəncamına uyğun olaraq Laçın Şəhəri Günü keçirildi. Mən də iştirak etdim. Çox maraqlı gün yaşandı. Sərgilər təşkil olundu, Laçın bulvarında konsert proqramı təşkil olundu. Ancaq, məncə, bu il Laçınla bağlı ən maraqlı mədəni hadisə beynəlxalq kino festivalı idi. Laçın şəhərində fəaliyyət göstərən “Hoçazfilm” studiyasının təşkilatçılığı ilə keçirilən tədbirə Prezidentin Laçın Nümayəndəliyi və Mədəniyyət Nazirliyi yaxından köməklik göstərirdi. Festivala həm ölkəmizdən, həm xaricdən nümayəndələr qatılmışdı. Yeddi ölkədən üç yüzə yaxın film nümayiş olundu.
Bulvarda keçirilən konsertdə bəstəkar-müğənni Elza Seyidcahanın performansını xüsusilə qeyd etmək istəyirəm. Onun Xalq şairi Nəbi Xəzrinin “Dəniz kimi” şeirinə bəstələdiyi və əlilliyi olan uşaqlarla birlikdə oxuduğu mahnı tamaşaçıları duyğulandırdı.
Laçındakı çıxışı bilmirəm, lakin ümumilikdə bu mahnını və uşaqların ifasını YouTube-da da görə bilərsiniz. Eləcə “Elza Seyidcahan. “Dəniz kimi”” yazsanız, çıxacaq.
Laçın çox ciddi strateji nöqtədə yerləşir. Burada mədəni tədbirlərin daha çox və daha tez-tez keçirilməsi bizi işğaldan azad olunan torpaqlarda daha da möhkəmləndirir. İnşallah, “Şəhər günü” kimi Laçın Beynəlxalq Kino Festivalı da hər il keçirilər və fəaliyyətini getdikcə daha da genişləndirər.
“Elçibəyin uşaqları”…
– Biz neçə gündür ənənəvi və sosial mediada ali məktəbə qəbul olunanların sevincini müşahidə edirik. Mənim çevrəmdə azı iyirmi-otuz gənc 650-dən yüksək bal toplamışdı. Bütün bunlar məndə nostalji duyğular oyatdı. Çünki mən özüm ilk test, son magistrəm. Bizim vaxtımızda universitetlər beş il idi və birbaşa magistr diplomu verirdi. 1992-ci ildə ilk dəfə test gələndə biz qəbul olunduq. Bizə məktəbdə “Elçibəyin uşaqları” deyirdilər və bir çox müəllimlər hər birimizə əldən çıxmış bir avtomobil kimi baxırdı. O vaxt hər tələbə – savadından asılı olmayaraq – bir avtomobilin pulunu verib ali məktəbə qəbul olunurdu. Rüşvətxor müəllimlər Elçibəyi öz düşmənləri sayırdılar və onun heyfini bizdən çıxırdılar.
Test siyasətinin həyata keçirilməsində mərhum Vurğun Əyyubun da böyük xidmətləri oldu. Onun da ruhu şad olsun.
Bir neçə il öncə mənim kasıb bir qohumum çox yüksək balla ADA-ya qəbul olundu. Test olmasa, elə kasıb uşaqlar heç vaxt oxuya bilməzdilər. Onsuz da savadlı olmalarına baxmayaraq, nə atası, nə əmisi oxuya bilmişdi. Mən onun tələbə adını alması münasibəti ilə verilən qonaqlıqda iştirak etmək üçün uzaq yol qət edib Daşkəsən rayonuna getdim. Orada yenicə tələbə adı qazanmış gəncə dedim ki, sizin kasıb komanızda bu işığı yandıran insanlar olub, çalış heç vaxt bu işığa xəyanət etməyəsən.
İndi qəbul olunan uşaqlara da eynisini deyirəm. Çünki millət yalnız o işığa xəyanət etmədiyimiz təqdirdə bizim beynimizdən hər hansı bir fayda götürə bilər.
Müəmmalı şəkildə ölən tərcüməçi…
Xalqın belə bir deyimi var: insanın bir qara qəpik qədər qiyməti qalmayıb. Son vaxtlar bu deyim tez-tez ağlıma gəlir və özümdən uzaqlaşdırmağa çalışıram. Lakin baş verən hadisələr bu düşüncələrdən xilas olmağıma imkan vermir. Dəyərli tərcüməçi, gözəl ziyalı, mədəni insan, mehriban həmkar Ziya Muradovun ölümü ilə bağlı aldığım xəbər də belə ağır oldu mənim üçün. Adam bir ay öncə dünyasını dəyişib, heç kim xəbər tutmayıb. Naşir Şahbaz Xuduoğlunun paylaşımı olmasa, heç tutmayacaqdı da! Ailəsi isə çox narazıdır. Onlar deyir, Quba gəzintisi zamanı 17 nəfərin əhatəsində müəmmalı şəkildə ölüb, bədənində də qeyri-müəyyən izlərə rast gəlinib, ona görə məzarı açılmalı və ekspertiza aparılmalıdır.
Tərcüməçi onsuz da dəyərsizdir bizim ölkədə, lakin heç olmasa bu dünyadan gedişi bir az urvatlı olmalıdır. Elə bir zamana gəlmişik, hərə öz başının hayındadır. Hamı tələsir, hamı qaçır. Elə bil nəsə oğurlamağa gedir, kimisə aldatmağa gedir. Ola bilsin, mən neqativəm, mənə belə gəlir, sadəcə hiss etdiyimi deyirəm… Görünür, mənfi xəbərləri həddindən artıq çox qəbul etməyimin nəticəsidir…
Polad Bülbüloğlunun evlənməsi…
– Bu da həftəmizin əyləncəli rezonansı: keçmiş mədəniyyət naziri, keçmiş səfir, millət vəkili Polad Bülbüloğlu evlənir. Əlbəttə, insan hər yaşda evlənə bilər. Öz şəxsi işidir. Lakin Polad müəllimin xanımının yayılan söz-söhbətə münasibəti məni heyrətləndirdi: “Mən belə xırda şeylərə görə narahat olan xanımlardan deyiləm!” Təsəvvür edin, birinin ərinin başqa bir qadınla evlənmə xəbəri yayılır, bir yerdə fotoları tirajlanır, həmin qadın isə bunu xırda iş sayır. Düzü, Polad müəllimin o boyda rəsmi statusla öz ailə həyatında bu qədər azad ola bilməsi məni heyran qoydu. Ancaq sonra düşündüm: görən, Polad müəllim hər yerdə belə azaddırmı?
Xalq yazıçısı Çingiz Abdullayev isə Polad müəllimin müdafiəsinə qalxdı. Yeri gəlmişkən, Çingiz müəllim də rus dilinə sevgisi və ruspərəstliyi ilə Polad Bülbüloğlunun məsləkdaşı sayıla bilər və onu müdafiə etmə səbəbi də əsasən buradan qaynaqlanır. Çingiz müəllim deyir, 81 yaşlı insanın şəxsi həyatından yazmaq mədəniyyətsizlikdir. Yəqin, Azərbaycan dilini yaxşı bilmədiyi üçün bu yersiz ifadəni işlədir. Axı burada mədəniyyətsizlikdən söhbət gedə bilməz, uzağı, etik qaydalara sığmamaqdan söhbət gedə bilər. Bəli, Polad müəllimin uzun illər rəhbərlik etdiyi sahələrdə “en qədər” problem saymaq olar, biz ora fokuslansaq, daha səmərəli işlər görə bilərik. Lakin bu cür bir məşhurun, ulduzun, üstəlik, o yaşda evlənibsə, şəxsi həyatı da insanların marağına səbəb olacaq və elə buna görə də mətbuat yazacaq və yazmalıdır.
Bəli, belə şeyləri heç bir həqarətə yol vermədən yazmaq mədəniyyətsizlik deyil, ancaq gəlin, şərti olaraq bunu mədəniyyətsizlik kimi qəbul edək və belə məsələlərdən yazmayaq və danışmayaq. O zaman nədən yazaq və danışaq, Çingiz müəllim? Məsələn, şəxsən sizinlə nədən danışaq? Hansı ciddi problemdən danışmaq imkanınız var? Danışarsınızmı doğrudan da? Azərbaycanda hansı taleyüklü məsələ ilə bağlı azad və müstəqil şəkildə fikir yürüdə bilərsiniz? Bəlkə, etmisiniz, yerini deyin, gedib oxuyaq və ya dinləyək.
Məncə, icazə verək insanlar danışsın. Yoxsa biz də bilirik ki, evlənmək şəxsi məsələdir və evlənənə xeyir-dua vermək lazımdır. Məsələn, şəxsən mən deyirəm, Polad müəllim xoşbəxt olsun! Sağ əli kasıblıq dərdindən evlənə bilməyən yüz minlərlə azərbaycanlı gəncin başına…