Prezident İlham Əliyev Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
1. Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq 8-ə çatdırılsın və onların icrası 2030-cu ilədək təmin edilsin.
2. Mövcud və yeni tətbiq ediləcək beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi, bu Sərəncamın 3.1.2-ci yarımbəndi nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına təmin edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. dörd ay müddətində:
3.1.1. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.1.2. beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.1.3. beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə tədbirlər planını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi:
4.1. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimini bu Sərəncamın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan qaydaya uyğun həyata keçirsin;
4.2. hər növbəti tədris ili üçün beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsinə tələb olunan vəsaitin həcmini Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə razılaşdırmaqla müəyyən etsin;
4.3. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.