Ru
16:06 / 21 May 2026

Putin Pekindən istədiyini ala bilmədi: Dünya taqətdən düşür, Çin güclənir

Putin Pekindən istədiyini ala bilmədi: Dünya taqətdən düşür, Çin güclənir
Eye

“Rusiya Prezidenti Vladimir Putin və onun ətrafının Çinə baş tutan səfərinin nəticələrini yüksək qiymətləndirmələrinə baxmayaraq, tərəflər iki ölkə arasında “Sibirin gücü – 2” strateji qaz kəmərinin inşası məsələsini razılaşdıra bilməyiblər”.

Bakupost.az xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahionoğlu deyib:

“Boru kəməriylə bağlı müzakirələr 10 ildən çoxdur davam edir və hələ də nəticə yoxdur. Rusiya Ukrayna müharibəsinə görə Avropaya sata bilmədiyi qazın böyük həcmini Çinə satmağa çalışır”.

Politoloq qeyd edir ki, Pekin Moskva ilə tərəfdaşlığını davam etdirsə də, enerji idxalında şaxələndirmə prinsipinə üstünlük verir, neft və qaz alışında bir ölkədən asılı olmaq istəmir:

“Çin eyni zamanda Rusiyanın çıxılmaz vəziyyətindən istifadə edərək qazın qiymətlərini aşağı salmağa çalışır. Digər tərəfdən Çin Rusiyaya yatırım qoymaqda ehtiyatlıdır, qonşusuna xammal bazası kimi baxır”.

Həmsöhbətimiz hesab edir ki, bu iki dövlətin strateji tərəfdaşlığı sadəcə taktiki xarakter daşıyır və hər ikisi ABŞ-nin hegemonluğunun zəifləməsində maraqlıdır.

Politoloqun fikrincə, Putinin Si Cinpinlə Ukrayna məsələsinin müzakirəsində də maraqlı məqamlar vardır:

“Liderlərin ortaq bəyanatında Ukrayna “böhranının” ilkin səbəblərinin ortadan qaldırılması gərəkliyi vurğulanıb. Məlumdur ki, Kreml “ilkin səbəblər” dedikdə Donbasın Rusiyaya birləşdirilməsini, Ukraynanın NATO üzvülüyündən imtinasını və digər tələblərinin yerinə yetirilməsini nəzərdə tutur. Ukrayna kimi Çin üçün də ərazi bütövlüyü məsələsi “qırmızı çizgidir”. Buna baxmayaraq, Pekin Ukraynanın ərazi bütövlüyünü tanıdığı halda, Rusiyanın bu ölkədən ərazi qoparmasına seyrçidir. Müharibə Rusiya və Qərb ölkələrini taqətdən salır. Bu isə Çinin maraqlarına uyğundur.

Ortaq bəyanatda Ukrayna münaqişəsinin həlli üçün danışıqların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Bu bəndi pozan da Rusiyadır. Bu ölkənin Prezidenti bir şərtlə Kiyevlə danışıqlara razıdır ki, Ukrayna Rusiyanın şərtlərini qəbul etsin. Bu isə danışıq deyil, bir ölkənin o biri ölkə qarşısında ağ bayraq qaldırılmasıdır. Ukrayna ordusunun müqavimət gücü artır və Kiyev Kremlin danışıqlara başlamaq üçün şərtlərini qəbul etməyəcək”.

Ekspert deyir ki, Kreml Pekinə xoş gəlmək üçün ortaq bəyanata “Rusiya Çinin Ukrayna böhranının diplomatik yollarla həllinə verdiyi dəstəyi yüksək qiymətləndirir” cümləsini əlavə edib:

“Si Cinpinin Putinlə görüşdə səsləndirdiyi “beynəlxalq aləmdə qeyri-sabitlik yaşanır və bu “cəngəllik dünyasına” qayıtmaq təhlükəsi yaradır” cümləni rusiyalı siyasətçilər və ekspertlər İrana qarşı müharibə aparan ABŞ-yə aid edə bilərlər. Ancaq Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi də beynəlxalq qanunların kobu şəkildə pozulması və Si Cinpinin təbirincə desək, “cəngəllik dünyasına” qayıdışdır”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar