Ru
09:09 / 09 Mart 2026

Qanda şəkəri tənzimləyən içki - Alimlərdən yeni kəşf

Qanda şəkəri tənzimləyən içki - Alimlərdən yeni kəşf
Eye

Yaponiyada aparılan yeni bir araşdırma qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edə biləcək sadə bir içkinin təsirini üzə çıxarıb. Alimlərin fikrincə, yaşıl çay katexinləri ilə inulinin birləşməsi qlükozanın orqanizmdə tənzimlənməsinə müsbət təsir göstərə bilər.

Bakupost.az xəbər verir ki, araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub.

Tədqiqatda visseral piylənməsi olan 96 nəfər yetkin şəxs iştirak edib. Bu tip piylənmə zamanı piy daxili orqanların ətrafında toplanır və metabolik problemlər, o cümlədən şəkərli diabet riskini artırır.

İştirakçılar 12 həftə ərzində hər gün suda həll olunan toz içki qəbul ediblər. İçkinin tərkibində 400 milliqram yaşıl çay katexinləri və 2,3 qram inulin olub. Digər iştirakçılar isə plasebo qəbul ediblər.

Aparılan analizlər göstərib ki, aktiv maddələr olan içkini qəbul edən şəxslərdə insulinə həssaslıq artıb. Bu isə hüceyrələrin insulin hormonuna daha yaxşı reaksiya verməsi və qlükozanın qandan daha effektiv mənimsənilməsi deməkdir. Nəticədə qanda şəkərin səviyyəsini sabit saxlamaq daha asanlaşır.

Araşdırma zamanı iştirakçıların visseral piy miqdarında ciddi dəyişiklik qeydə alınmayıb. Bununla belə, əlavə analizlər maraqlı bir nəticə ortaya qoyub. Metabolizmdə baş verən müsbət dəyişikliklərin bağırsaq mikroflorasındakı dəyişikliklərlə əlaqəli ola biləcəyi ehtimal edilir.

Xüsusilə insulinə həssaslığın daha çox artdığı iştirakçılarda Coprococcus bakteriyalarının sayının çoxaldığı müşahidə olunub. Bu bakteriyalar orqanizm üçün faydalı olan qısa zəncirli yağ turşularının yaranmasında mühüm rol oynayır.

Alimlər qeyd edirlər ki, əldə olunan nəticələr ümidverici olsa da, hələ yekun nəticə hesab edilə bilməz. Effektin dəqiq təsdiqlənməsi və mexanizmlərin daha yaxşı anlaşılması üçün daha geniş və uzunmüddətli araşdırmalara ehtiyac var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar