Ru
17:38 / 09 Oktyabr 2025

Qazilik əl açmaq deyil, əl uzatmaq üçün qazanılmış addır

Qazilik əl açmaq deyil, əl uzatmaq üçün qazanılmış addır
Eye

İqbal Səfərov

Bu ad hər insana qismət olmur. Bu ad alın təri, qan, ağrı və şərəf bahasına qazanılır.
Amma təəssüf ki, bu müqəddəs adın yükünü hər kəs eyni ləyaqətlə daşıya bilmir. Bəzən də bu müqəddəs adı daşıyanlara eyni layaqətlə yanaşılmır!

Bəli, qazilər arasında elələri var ki, davranışlarıyla bu ada kölgə salır.

Bəzən nömrəsiz, bəzən sənədsiz maşın sürüb, qanuna qarşı çıxan, küçədə başqasına kobudluq edərək qaziliyi üstünlük kimi istifadə edənlər unudurlar ki, qazilik imtiyaz deyil, vətənin qanununu qorumaq borcudur.

Döyüşdə nizam-intizamla hərəkət edən insan, gündəlik həyatda qaydanı bilərəkdən pozursa
bu, qaziliyə deyil, öz keçmişinə xəyanətdir.

Əgər bu mövzuya toxunmuşamsa istəyirəm hər tərəfli yazam. Gəlin bir həqiqəti də deyək: Hər hansı bir qazinin davranışına görə hamını ittiham etmək də haqsızlıqdır.

Dövlət başçısının diqqəti və qayğısı hər zaman ortadadır, amma bəziləri bu qayğını kağız üzərində “yerinə yetirilmiş tapşırıq” kimi görür. Misal üçün bəziləri sədəqə verirmiş kimi qazini işlə təmin edir, hesabatını verir.

Elə bil məqsəd insanı yaşatmaq yox, Prezident Administrasiyasına hesabat verməkdir. İldə bir dəfə Zəfər Günündə yada düşürlər- “qaziləri yığaq, şəkil çəkdirək.”

Vəssalam!

Halbuki qazinin ehtiyacı kamera qarşısında durmaq deyil, insan kimi dəyərləndirilmək, xatırlanmaqdan hətta bir səmimi “necəsən, qardaş?” kəlməsindən ibarətdir.

Bəzi qazilər də, təəssüf ki, bu laqeydliyin yaratdığı boşluğu yanlış yolla doldurur. Gündə bir məmurun qapısını döyüb “bəlkə nəsə qoparda bildim” düşüncəsi ilə yaşayanlar da var.

Əslində onlar da bir növ müharibənin qurbanıdır- bu dəfə mənəvi müharibənin.

Çünki qarşısındakı məmurun gözündə qazi artıq qəhrəman yox, dilənçi obrazına çevrilir. Və bu, tək bir insanın yox, bir millətin yaddaşına vurulan zərbədir. Bir hadisə illərlə beynimdədir…

Bir dəfə çalışdığım qurumda idarə rəisimin qəbuluna düşmək istədim. Qaydaya uyğun olaraq, əvvəlcə öz rəhbərimə məlumat verdim. Sonradan öyrəndim ki, köməkçi deyib ki, “Bəzi qazilər qəbula gəlib pul, torpaq, maşın istəyir. Rəis də çətin vəziyyətdə qalır.” O cümləni eşidəndə yerimdə donub qaldım. Çünki bunu edən qazilər işlə təmin olunmuş, normal əmək haqqı alan insanlar idi. Məqsəd isə bəllidir: " Döyüşmüşəm, indi görüm kimdən nə qoparda bilərəm".

Mənim məqsədim dilənmək deyildi, amma artıq bir neçə nəfərin davranışı yüzlərlə insanın adına kölgə salmışdı. O qədər ağır gəlmişdi ki, qəbula da getmədim. Çünki artıq “qazi” deyəndə insanların baxışında bir şübhə yaranmışdı. Və bu, ən böyük haqsızlıq idi... İçimdəki o iz, o təəssüf çətin ki, silinə...

Çünki bilirəm ki, bəzən bir nəfərin səhvi yüz nəfərin nüfuzunu yaralayır.

Əlbəttə, elə qazilər var ki, səssizcə işinə gedir, işini görür, rütbəsini qəlbində daşıyır, şəhid dostlarının adına layiq yaşayır, dövlətinə, millətinə faydalı olmağa çalışır.
Amma məsələ burasındadır ki, bəzən bu kimi səssizlik hallarında da o səssiz qəhrəmanların dəyəri çox vaxt görünmür.

Bu da yaşadığımız mühitdə müşahidə etdiyim bəzi xoşagəlməz məqamlardan biridir ki, qeyd etməliydim.

Qazilərlə münasibətində balans pozulanda bütün tərəflər uduzur. Qazilərə qarşı haqsızlıq da, qazilərin etdiyi haqsızlıq da eyni dərəcədə zərərlidir. Çünki birində müqəddəsliyin unudulması, digərində müqəddəsliyin istismarı var.

Biri vicdansızlıq, digəri məsuliyyətsizlikdir.

Qazilik başqasına əl açmaq üçün deyil, başqasına əl uzatmaq üçün qazanılmış addır. Bu həqiqəti anlayan gün, qazilik yenidən o uca məna ilə anılacaq ki, onu torpağın üstündə qazananlar da, dövlətin, cəmiyyətin içində yaşadanlar da qürurla deyəcək: “Mən qürurumla qaziyəm.”

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar