Ru
16:39 / 14 Oktyabr 2025

Qərar yanlışdır, Bakıda ən azı 50 min taksi olmalıdır - Ekspert +VIDEO

Qərar yanlışdır, Bakıda ən azı 50 min taksi olmalıdır - Ekspert +VIDEO
Eye

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul edib.

Qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilib.

Maraqlıdır, bu məhdudiyyət taksi çatışmazlığına, qiymətlərin artmasına və bazarda monopoliyaya səbəb ola bilərmi?

Mövzu ilə bağlı Bakupost.az - a danışan texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, böyük şəhərlərdə taksi daşımalarının elmi cəhətdən əsaslandırması var:


“İctimai nəqliyyat vasitələri – avtobus və metro insanların gündəlik marşrutuna uyğun işləyir. Amma taksi daşımaları fərqlidir, çünki bu xidmət insanın şəxsi istəyinə əsaslanır. Ona görə də taksi daşımalarına ayrıca bir tələbat mövcuddur. Bu tələbat bir neçə meyara əsasən müəyyən olunur. Birinci növbədə, nə qədər insanın taksi daşımalarından istifadə etdiyi öyrənilməlidir. Müxtəlif ölkələrdə taksi xidmətlərinə olan tələbat sorğu, anket, müsahibə kimi üsullarla öyrənilir. İndi isə bu məlumatlar elektron şəkildə (data) toplanır və həmin datalar əsasında təhlillər aparılır. Bu yolla taksilərə nə qədər tələbat olduğunu müəyyən edirlər.

Bir də ümumi bir metodika mövcuddur. Hər bir şəhərin əhalisinin sayından asılı olaraq, indiyədək nə qədər taksiyə tələbat olduğu araşdırılıb və müəyyən edilib ki, böyük şəhərlərdə, yəni əhalisi 1 milyondan çox olan şəhərlərdə, taksidən istifadə edən insanların sayı ictimai nəqliyyatdan istifadə edənlərin 5–6 faizinə bərabərdir. Bu metodika əsasında müəyyən edilir ki, taksi daşımalarından nə qədər insan istifadə edir və ona uyğun olaraq taksi nəqliyyat vasitələrinin sayı təyin olunur. Əgər tələbat çox, nəqliyyat vasitəsi azdırsa, onda mütləq müxtəlif üsullarla qeyri-rəsmi taksilər (“xaltuşniklər” və s. adlandırırlar) fəaliyyət göstərməyə başlayır. Onların lisenziyası və qeydiyyatı olmasa da, tələbat mövcud olduğu üçün bu proses qaçılmazdır. İndiyə qədər də belə olub, bundan sonra da belə olacaq. Bakı şəhərində vaxtilə 60-70 min taksi fəaliyyət göstərib. İndi bu sayın 25 minə endirilməsi əhalinin tələbatının ödənilməməsinə, vəziyyətin həddindən artıq pisləşməsinə və qiymətlərin artmasına səbəb olacaq”.

Ekspertin sözlərinə görə, sərnişindaşıma sahəsində həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri nəzərə alınmalıdır:

“Əgər nəqliyyat vasitəsi az, tələbat çoxdursa, insanlar narazı qalır. Narazılıq şəraitində də xidmətin keyfiyyətindən danışmaq mümkün deyil. Ona görə də mən bu qərarı düzgün hesab etmirəm. Onlar bu göstəriciləri harada və necə ölçüblər, bilmirəm. Tutaq ki, hər bir marşruta sərnişin axınına görə müəyyən sayda avtobus buraxılır. Bəs bu qədər böyük Bakı şəhərində 25 min taksi sayını nəyə əsaslanaraq hesablayıblar?

Mən belə təklif edirəm ki, taksi daşımalarında iki böyük sektor olsun: Dövlət taksiləri və özəl sektor. Amma hər iki sektora nəzarət keyfiyyət, təhlükəsizlik və digər məsələlər baxımından dövlət tərəfindən həyata keçirilsin. Bu halda həm dövlət, həm də özəl sektorda fəaliyyət göstərən taksilərə eyni yanaşma tətbiq ediləcək. Taksi daşımalarında indiyə qədər Bakı şəhərində narazılıq çox olub, çünki bu sahəni düzgün nizamlaya bilmirlər.

Paytaxtda əhalinin ümumi sayı tam dəqiqləşdirilməsə də, ictimai nəqliyyatdan istifadə edənlərin sayı məlumdur. Bu göstəriciyə əsasən, ictimai nəqliyyatdan istifadə edən əhalinin 5–6 faizi taksi xidmətlərindən yararlanır. Müəyyən monitorinqlərlə taksilərə olan tələbat və sərnişin sayı müəyyən edilə bilər. Bu üsulla taksilərin sayını da düzgün müəyyən etmək mümkündür.

Yoxsa, birbaşa “25 min taksi fəaliyyət göstərməlidir” demək elmi baxımdan doğru metod deyil. Bakı kimi böyük şəhərdə bu say 50 mindən az olmamalıdır”.

Lalə Novruz, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar