10:17 / 20 Yanvar 2026
Qızıl rekorda doymur – “Amerikanı sat” gündəmə gəldi
116
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı nəzarətə götürmək niyyəti və bu məsələyə qarşı çıxan Avropa ölkələrinə qarşı mümkün ticarət sanksiyaları qlobal maliyyə bazarlarında ciddi gərginlik yaradıb. Artan geosiyasi risklər fonunda investorlar riskli aktivlərdən uzaqlaşaraq təhlükəsiz limanlara yönəlib və bu da qiymətli metallarda kəskin bahalaşmaya səbəb olub.
Bu gün səhər qızılın bir unsiyası 4 693 dollara yüksələrək tarixi rekordu yeniləyib. Gümüş isə gün ərzində qısa müddətə 94,72 dollar səviyyəsinə qalxaraq bütün zamanların ən yüksək göstəricisini görüb, amma sonradan bir qədər ucuzlaşıb. Analitiklər bu dalğalanmanı bazarlarda qeyri-müəyyənliyin artması və investor davranışlarının sürətlə dəyişməsi ilə izah edirlər.
ABŞ-ın NATO üzrə müttəfiqlərinə qarşı ticarət təhdidləri yalnız Avropa birjalarında deyil, qlobal miqyasda silkələnmə yaradıb. Səhm bazarlarında satış təzyiqi artıb, dolların mövqeyi zəifləyib və “Amerikanı sat” tendensiyası yenidən gündəmə gəlib. Bu şəraitdə qızıl ənənəvi qoruyucu aktiv kimi ön plana çıxıb.
Ekspertlərin fikrincə, mövcud geosiyasi və ticarət riskləri qısa müddətdə aradan qalxmasa, qiymətli metallarda yüksək səviyyələr qoruna bilər.
Cavid, BakuPost