Rusiyada benzin qiymətlərində yeni artım dalğası müşahidə olunur.
Bakupost.az xəbər verir ki, bu gün Peterburq Beynəlxalq Əmtəə Birjasında Aİ-95 markalı benzinin qiyməti 1,08% artaraq tonuna görə rekord səviyyəyə – 77 001 rubladək yüksəlib.
Ekspertlər bildirirlər ki, bu qiymət artımı son ayların ən yüksək göstəricisidir və həm bazar iştirakçıları, həm də vətəndaşlar üçün narahatlıq doğurur. Yayımlanan qrafiklərdə mavi rənglə birja qiymətləri, yaşıl rənglə isə birjadan kənar satış qiymətləri qeyd olunub. Bununla da qiymət fərqinin artdığı diqqət çəkir.
Rusiya Federal Antinhisar Xidməti (FAS) isə bazarda sabitliyi qorumaq məqsədilə yeni tənzimləmə mexanizmini nəzərdən keçirir. Məlumata görə, qurum benzin satışının birjada həyata keçirilməsi ilə bağlı normativin 15%-dən 17%-ə qaldırılmasını müzakirə edir.
RİA Novosti-nin yaydığı xəbərə əsasən, bu addım qiymətlərin şəffaf şəkildə formalaşmasını təmin etmək və süni bahalaşmaların qarşısını almaq məqsədi daşıyır.
Hazırkı vəziyyət, həm də regionlarda yanacaq təchizatı və istehlak qiymətlərinə təsir göstərə bilər. Rəsmi qurumlar bazarda spekulyasiyaların qarşısının alınması üçün əlavə nəzarət tədbirlərinə də əl atacaqlarını istisna etmir.