Sumqayıtın “Qurd dərəsi” yaşayış massivinin sakinləri ictimai nəqliyyatın fəaliyyətindən və yol infrastrukturunun vəziyyətindən narazıdırlar.
Sakinlərin sözlərinə görə, hazırda yaşayış massivində 10 mindən artıq insan məskunlaşıb, lakin aidiyyatı qurumlar tərəfindən qəsəbəyə normal yol çəkilməyib, avtobuslar köhnədir, dayanacaqlar isə quraşdırılmayıb.
Şikayətçilər həmçinin redaksiyamıza bərbad vəziyyətdə olan dayanacaqların fotolarını da təqdim ediblər.
“Bu şəkillər yaşayış massivində əsas problemin – yol-nəqliyyat infrastrukturunun olmamasının bariz göstəricisidir. Bəlkə də bunlar dərc olunsa, “Qurd dərəsi”ndəki problemlər diqqət çəkər”, -sakinlərin şikayətində bildirilir.
Qeyd edilir ki, sözügedən müvəqqəti dayancaqlar avtobus gözləyərkən günəşdən və yağışdan qorunmaq üçün sakinlərin öz vəsaiti hesabına inşa olunub:
“Rəsmi olmasa da, onların hətta adları da var: 1-ci, 2-ci, 3-cü, 2–3 arası, 5-ci, 6-cı və s. Bunlar modern, smart və kreativ dayanacaqlar kimi olmasa da, işə yarayır".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bakupost.az-ın sorğusuna cavab olaraq bildirildi ki, hazırda həmin ərazidə AYNA-nın mütəxəssisləri tərəfindən təhlillər aparılır:
“Təhlillər yekunlaşdıqdan sonra prosedur qaydalarına uyğun olaraq dayanacaqların quraşdırılmasına başlanılacaq. Eyni zamanda, dayanacaq problemi olan ərazilərin sakinləri AYNA-ya müraciət edə bilərlər. Təhlillər aparıldıqdan sonra səki eni və sərnişin tələbatı nəzərə alınaraq ərazilərdə dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılacaq.
AYNA tərəfindən marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Həmçinin qeyd edilən ərazini əlaqələndirən marşrutların müsabiqəyə çıxarılaraq yenilənməsi nəzərdə tutulub”.
Lalə Novruz, BakuPost