Ru
23:13 / 13 Sentyabr 2025

"Qurtuluş"un müalicə şousu: Nəsimi ilə Ceyhundan əslində nə istəyirlər? - VİDEO

"Qurtuluş"un müalicə şousu: Nəsimi ilə Ceyhundan əslində nə istəyirlər? - VİDEO
Eye

Hind vedalarına görə, 3 cür xeyirxahlıq olur.

Birincisi, ehtirasdan doğan xeyirxahlıqdır. Bir də görürsən, yekəqarın biri bir dəstə adamın içində əlini cibinə atır, bir qom pul çıxarır, ondan ehtiyacı olan bir uşağa 1 manat verir. Bu zaman həmin yekəqarının əsl məqsədi uşağın ehtiyacını ödəməkdən çox, imkanlı və "səxavətli" olduğunu nümayiş etdirməkdir! Ehtirasdan doğan bu xeyirxahlığa göstəriş, dəbdə olan sözlə desək, "risovka" xeyirxahlığı da demək olar.

İkincisi, cəhalətdən irəli gələn xeyirxahlıqdır. Yenə də deyək ki, küçədə bir sərgərdan yaxınlaşıb sizdən pul istəyir, sizin də ürəyiniz yumşalır və onun arzusunu yerinə yetirirsiz. O isə sizdən ayrılan kimi "bariqa"lara üz tutur və beləcə, siz onun özünü bir az da məhv etməsinə yardımçı olursunuz...

Üçüncüsü, bu gün demək olar ki, ən az rast gəlinən saf, təmənnasız xeyirxahlıqdır. Yəni, "sağ əlin verdiyi, sol əlin bilmədiyi" xeyirxahlıq.

Ancaq son dövrlər, xüsəsən də TikTok sosial şəbəkəsi Azərbaycanda populyarlaşandan sonra yeni növ "xeyirxahlıq" peyda olub. Buna elə "TikTok xeyirxahlığı" deyə bilərik. Bu "xeyirxahlığ"ı daha çox ehtiras, yoxsa cəhalət kateqoriyasına aid etmək olar? Cavab vermək çətindir. Yəqin ki, hər ikisinə... O da mümkündür ki, bunun arxasında yalnız ehtiras və cəhalət deyil, başqa qeyri-sağlam, qeyri-humanist, hətta məkrli niyyətlər - ucuz populyarlıqdan tutmuş duyğu sömürüsü hesabına fayda (həm də maddi) əldə etmək istəyinə qədər çox şey dayansın.

İndisə keçək əsl mətləbə: Nə işlə məşğuldur Azərbaycandakı "TikTok xeyirxahları"? Beş-on manatlıq bazarlıq edib, ehtiyaclı ailələrə, kirayədə yaşayan, həyat yoldaşından ayrılan, yaxud dul qalan qadınlara aparmaq, onlara televizor, uşaqlarına velosiped və s. almaq. Əlbəttə, bu cür yardımlar heç də pis deyil. Pis olan odur ki, bu işlə məşğul olanlar hər addımlarını videoya çəkir, həmin qadın və uşaqlara necə acıdıqlarını kamera önündə nümayiş etdirir, onları utandırır, qürurlarına toxunurlar. Ata və ya anadan məhrum yeniyetmə oğlan və qızların bu özündənrazı, əzələli, bahalı maşınlı "dayı"ların qarşısında necə əzildiklərini görmək çox üzücüdür. Bəzən bu "dayı"ların (aralarında "xala"lar da var) davranışları əndazəni o qədər aşır ki, sanki kasıb, ehtiyaclı bir ailəyə deyil, dilənçilərə yardım edirlər. Bu nə davranışdır? Bu necə xeyirxahlıqdır? Bəs deyirlər, "sağ əlin verdiyini sol əl bilməməlidir"?! Məqsəd həqiqətən də xeyirxahlıq, yardım etməkdirsə, niyə bütün bunlar kameraya alınıb sosial şəbəkədə yayılmalıdır? Kiçik bir yardım qarşılığında o ailələrin, o qadın və uşaqların aldığı ağır travmanı, psixoloji zərbəni göz önünə gətirmək bu qədərmi çətindir? Hələ həyatdan heç nə anlamayan bu uşaqların böyüyüb ailə-uşaq sahibi olanda o videoları izləyib hansı hissləri keçirəcəklərini düşünürsüzmü?!

Son vaxtlar bu "xeyirxahlığın" sırasına biri də əlavə olunub: Narkomaniyaya düçar olan tanınmışların reablitasiyası. Tanınmış teleaparıcı Nəsimi Nəbizadə ilə bağlı Sarayda çəkilən görüntüləri yəqin ki, izləmisiniz. Özü də bunu çəkənlər və yayanlar "Qurtuluş" Reabilitasiya Mərkəzinin əməkdaşlarıdır. Vallah, o görüntüləri izlədikcə, düşünürsən ki, bu mərkəzin rəhbərinin, onun əməkdaşlarının özlərinin əqli və psixoloji reablitasiyaya ehtiyacı var! Başqa qənaətə gəlmək mümkün deyil...

Adamın qapısına gedib kamera açır, israrla onları içəri buraxmalarını istəyirlər. Bu mübahisə dəqiqələrlə davam edir, "yox" cavabı alırlar, ancaq usanmırlar. Növbəti dəfə bu ucuz reklam kampaniyasına kəndin dağdan ağır ağsaqqalarını da qatırlar.


Əllərinə kamera alıb yenə jurnalistin qapısını döyürlər və baş verənləri TikTok-dan bütün Azərbaycan izləyir. Əgər məqsəd doğrudan da Nəsimini mübtəla olduğu bəladan qurtarmaqdırsa, bu ucuz şoular nəyə lazımdır? Nəyə lazımdır bu utancverici səhnələrin anbaan TikTok-da yayımlanması?!

"Qurtuluş" Reabilitasiya Mərkəzinin jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovla bağlı "müalicə şousu" isə daha utancvericidir. Güclü narkotikin təsiri altında olan adamı yatağından götürüb reabilitasiya mərkəzinə aparırılar və prosesin hər anı yenə də kameraya düşür: Ceyhun özündə deyil, üzü, gözləri şişib, deyilənlərə heç bir reaksiya vermək gücü qalmayıb. Sual olunur: Ceyhunun bu vəziyyətdə görüntüsünün bütün cəmiyyətə nümayiş etdirilməsi müalicə, reabilitasiya üçün həyatı vacib addımdırmı? Qanun, şəxsi həyatın məxfiliyi və toxunulmazlığı, mentalitet, yayılan görüntülərin TikTokun çoxsaylı yeniyetmə izləyicilərinə mənfi təsiri bir yana, bəs, pasiyent konfidensiallığı, tibb, müalicə etikası harda qaldı? Xeyirxahlıq etmək, tanınmış jurnalistləri ağır mərəzdən sağaltmaq istəyənlər doğrudanmı bu cür davranmalıdırlar? Hələ bu adamlar kəlməbaşı "İnşallah", "Maşallah", "Allahın köməkliyi ilə" və s. ifadələr işlədirlər və hiss olunur ki, özlərini cəmiyyətin inanclı kəsiminə aid edirlər. Cənablar, doğrudanmı sizin dininiz və inancınız bütün bunları məqbul sayır? Yoxsa, reklam, çox izlənmək, populyarlaşmaq, çoxlu pasiyent qazanmaq istəyi gözünüzü elə tutub ki, nə etdiyinizin fərqində deyilsiniz? Məncə, dayansanız və reabilitasiyaya özünüzdən başlasanız, daha doğru olar!

Zahid Nurəliyev
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar