Qusarda turistlərin qəzaya düşdüyü ağır yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, iyunun 27-si, saat 14:00-da Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə yeddi nəfər (altısı kişi, biri qadın cinsli) Qusar Rayon Mərkəzi Xəstəxasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
"1994-cü (qadın cinsli) və 1995-ci il təvəllüdlü (kişi cinsli) şəxslərə bədənin müxtəlif nahiyələrinin travması diaqnozu təyin edilib. Hər iki şəxsə zəruri tibbi yardım göstərildikdən sonra onlar özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər.
Beş nəfərə (hər biri kişi cinsli) bədənin çoxsaylı travmaları diaqnozu təyin edilib. Onlardan iki nəfərin vəziyyətləri orta-ağır qiymətləndirildiyindən Reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir",- deyə məlumatda bildirilir.
***
Qusarda turistlərin qəzaya düşməsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Bakupost.az xəbər verir ki, hadisə zamanı Pakistan vətəndaşlarının olduğu "Haval" markalı avtomobil Şahdağ Turizm Mərkəzindən Bakıya gəlirmiş. Şahdağ-Qusar yolunda avtomobilin sürücüsü idarəetməni itirərək qarşı hərəkət zolağına çıxıb və bu vaxt qarşıdan gələn "Chevrolet" markalı avtomobillə toqquşub.
Nəticədə "Haval" markalı avtomobildə olan 5 Pakistan və bir Azərbaycan vətəndaşı, "Chevrolet" markalı avtomobildə olan 4 Azərbaycan vətəndaşı ağır xəsarətlər alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
***
Qusarda turistlərin düşdüyü qəza nəticəsində xəsarət alanların sayı 10 nəfərə çatıb.
Hadisə nəticəsində turistləri daşıyan avtomobil digər avtomobillə toqquşubmuş.
Hadisə nəticəsində 5 nəfər Azərbaycan, 5 nəfər isə Pakistan vətəndaşı xəsarət alıb.
Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
***
17:00
Qusarda 8 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.