““The Economist” artıq 40 ildir ki, hər ilin sonunda “The World Ahead” xüsusi buraxılışını təqdim edir və bu buraxılışın üz qabığı adətən dünyanı həm düşündürən, həm də heyrətləndirən subliminal mesajlarla dolu olur. Bu il də istisna olmadı. “The World Ahead 2026” üz qabığı təqdim olundu və bu şəkil növbəti ilin geosiyasi, iqtisadi və texnoloji atmosferinə dair metofarik vizual proqnozlarla doludur”.
Bakupost.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, 2026-cı ili xarakterizə edən şəkildəki xaotik mənzərə gələn ilin nə qədər mürəkkəb olacağını göstərir:
“Raketlərin, rəqəmsal çiplərin, etiraz yumruqlarının, ticarət gəmilərinin bir dairəyə yığılması siyasət, təhlükəsizlik və texnologiya arasında davam edən gərgin tarazlığı xatırladır. Sanki dünya müxtəlif böhranların təzyiqi altında yeni bir nizam axtarır.
Şəkildəki “250” rəqəmi ABŞ-nin 250 illiyi fonunda daxili siyasi parçalanmanın dərinləşəcəyi və güc balansının dəyişəcəyi kimi anlaşılır. ABŞ və Çin arasında getdikcə sərtləşən geosiyasi mühit, Yaxın Şərq və Ukraynada davam edən müharibələr, Asiyada artan gərginlik ümumi fonu daha da ağırlaşdırır.
Bu jurnal adətən qırmızı rənglə siyasi qarşıdurmaları, mavi rənglə isə Qərb blokunu və texnoloji yarışı ifadə edir. Dairənin içində sıx şəkildə toplanmış simvollar dünyada nizamın yenidən formalaşdığına işarədir. Robotların və çiplərin önə çıxması rəqəmsal iqtisadiyyatın sürətini göstərir. Dərman tabletləri sağlamlıq texnologiyalarının genişlənməsinə, gəmilər ticarət yollarında gözlənilən dəyişikliklərə diqqət çəkir. Buz parçaları iqlim böhranının ağırlığını xatırladır.
Jurnal həmçinin subliminal vurğulayır ki, Donald Trampın qlobal ticarət qaydalarına gətirdiyi yeni yanaşma dünya iqtisadiyyatında təsirini qoruyacaq. ABŞ-də tarif siyasətinin genişlənməsi qlobal artım tempini zəiflədəcək. Avropa həm müdafiə məsuliyyətini, həm də maliyyə sabitliyini qorumaq üçün daha böyük yük daşımalı olacaq. Çin yaranan boşluqlardan yararlanmağa çalışacaq. Süni intellekt isə həm yeni imkanlar yaradacaq, həm də iqtisadiyyatda qeyri-sabitlik riskini artıracaq”.
E.Əmirov xüsusilə qeyd edib ki,“The Economist” üz qabıqları hər il böyük maraq doğursa da, oradakı subliminal mesajlar həmişə doğrulmur:
“Bəzi illərdə simvolik xəbərdarlıqlar reallığa çevrilir, bəzən isə tamam başqa istiqamətə gedir.
Məsələn, 2011-ci il üz qabığında avrozonanın tam dağılacağına işarə vardı, bu isə baş vermədi. 2014-cü ildə qlobal valyuta sisteminin kəskin çökəcəyi təsvir olunmuşdu, amma bu da yaşanmadı. 2022-ci ildə göstərilən texnoloji “robot üsyanı” ssenarisi də reallaşmadı. Eləcə də bir neçə ildə təsvir olunan enerji kollapsı və ya qlobal ərzaq böhranı miqyas olaraq proqnozlaşdırıldığı kimi baş tutmadı.
Buna görə bu buraxılışların mahiyyəti gələcəyi dəqiq proqnozlaşdırmaq deyil. Daha çox risklərin və tendensiyaların simvolik xəritəsini yaratmaqdır. Bəzən düz çıxır, bəzən yox.
Amma bir həqiqət dəyişmir. Bu üz qabıqları qlobal proseslərin hansı istiqamətə doğru hərəkət etdiyini anlamaq üçün çox güclü vizual analitika rolunu oynayır. Elə buna görə də böyük oyunçuların yeni plan qurmasına və davranışlarına belə cansız bir şəkilin bəzən təsiri olur”.
Lalə, BakuPost