Ru
12:28 / 04 Noyabr 2026

Restoran sahiblərinə xəbərdarlıq: Bu qaydanı pozsanız, minlərlə manat ödəyə bilərsiniz

Restoran sahiblərinə xəbərdarlıq: Bu qaydanı pozsanız,  minlərlə manat ödəyə bilərsiniz
Eye

Bakının Səbail rayonunda fəaliyyət göstərən "Burger Baku" restoranı müəllifdən icazə almadan istifadə etdiyi mahnılara görə təzminat ödəyəcək. Xitab24-ün məlumatına görə, "Azərbaycan Müəllifləri" İctimai Birliyi restoranın icarədarı Əliyar Qasımova qarşı məhkəməyə müraciət edərək musiqilərdən lisenziyasız istifadəyə görə 50 min manata yaxın kompensasiya tələb edib.

Məhkəmə qərararı ilə iddiaçının vəsatəti əsasında cavabdeh Ə.Qasımov əsl cavabdeh olan, mülkün sahibi ilə əvəz olunub. Səbail Rayon Məhkəməsi iddianı qismən təmin edib. Buna görə də, obyekti Əliyar Qasımova icarəyə verən mülkün əsl sahibi ola qadın qarşı tərəfə 2160 manat təzminat ödəməli olacaq.

Qərar ictimai müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bir qismi hesab edir ki, musiqilərin səsləndirilməsinə görə tələb olunan lisenziya haqları restoranları milli musiqi nümunələrindən istifadədən çəkindirə bilər. Onların fikrincə, bir çox restoranın xarici musiqilərə üstünlük verməsinin səbəblərindən biri də müəllif hüquqları ilə bağlı ödənişlərdir.

Bəs restoranlarda musiqi səsləndirmək üçün lisenziya almaq sahibkarlar üçün nə dərəcədə əlçatandır? Müəllif hüquqlarının qorunması ilə sahibkarların maraqları arasında balans necə yaradılmalıdır?

Mövzu ilə bağlı "Bakupost"a hüquqşünas Elnur Məmmədov bildirib ki, restoranlarda musiqi səsləndirilməsi yalnız müştərilərə xidmətin bir hissəsi deyil, həm də müəlliflik hüquqları baxımından hüquqi məsuliyyət yaradan fəaliyyətdir.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununa əsasən, musiqi əsərlərindən kommersiya məqsədilə ictimai istifadəyə görə müəllif və digər hüquq sahiblərinə qonorar ödənilməlidir:

"Bu tələb musiqinin canlı ifa olunmasına, radio və ya digər texniki vasitələrlə səsləndirilməsinə də aiddir.

Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli 38 nömrəli qərarında restoran, kafe və barlarda musiqi əsərlərinin kütləvi ifasına görə Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə aylıq 60 manat, digər şəhər və rayonlarda isə 50 manat minimum müəllif qonorarı nəzərdə tutulur. Bu məbləğlər minimum tariflərdir; tərəflər müqavilə ilə daha yüksək ödəniş müəyyən edə bilərlər. Deməli, lisenziya almaq sahibkarlar üçün əlçatmaz və mürəkkəb prosedur kimi təqdim edilməməlidir".

Hüquqşünas deyir ki, məsuliyyət məsələsində obyektin mülkiyyətçisi ilə icarəçi arasındakı münasibətlər xüsusi əhəmiyyət daşıyır:

"Qüvvədə olan qaydalara görə, restoran və kafelərdə musiqi istifadəsinə görə qonorarın ödənilməsi obyektin mülkiyyətçisinin öhdəliyidir. Obyekt icarəyə verildikdə isə ödənişi hansı tərəfin həyata keçirəcəyi icarə müqaviləsində açıq şəkildə göstərilməlidir. Bu baxımdan, sahibkarlar müqavilə bağlayarkən müəllif hüquqları ilə bağlı məsuliyyəti dəqiqləşdirməlidirlər. Optimal balans üçün lisenziyalaşdırma prosedurları sadələşdirilməli, tariflər şəffaf olmalı, sahibkarlara əvvəlcədən məlumat verilməli və müəlliflərə ödənilən qonorarın ədalətli bölüşdürülməsi təmin edilməlidir. Eyni zamanda, hüquq sahibləri də məhkəmə mübahisəsinə getməzdən əvvəl sahibkarları məlumatlandırmağa və könüllü lisenziyalaşdırmanı təşviq etməyə çalışmalıdırlar".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, quruma daxil olan çoxsaylı şikayətlərin təhlili restoranlarda musiqi xidmətləri ilə bağlı istehlakçıların əlavə ödənişlərlə üzləşdiyini göstərir.

O qeyd edib ki, ölkədə pirat məhsulların yayılması geniş vüsət alıb:

"Müvafiq dövlət qurumunun bu istiqamətdə əlindən gələni etməsinə baxmayaraq, cəmiyyət tərəfindən kifayət qədər dəstək göstərilmir. Sahibkarların yoxlanılmasına maneələrin yaradılması da pirat məhsulların, o cümlədən restoranlarda müəllif hüquqları pozulmaqla istifadə edilən musiqilərin yayılmasına şərait yaradır.
Müğənnilərin özlərinin belə müəllif hüquqlarını pozaraq mahnılar ifa etməsi, bunun müqabilində yaranan xərclərin isə istehlakçılardan alınması yolverilməzdir. Bəzən müştərilər istəmədikləri halda əlavə ödəniş etməyə məcbur qalırlar. Halbuki müəllif hüquqlarının pozulması nəticəsində yaranan bu cür xərclər istehlakçının üzərinə qoyulmamalıdır. Cəmiyyət bu məsələdə fəal mövqe nümayiş etdirməli, müəllif hüquqlarının qorunması üçün müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq etməlidir. İstehlakçılar da tələbkar olmalı, müəllif hüquqları pozulmaqla istifadə edilən musiqilərə görə əlavə ödəniş tələb edilməsinə etiraz etməlidirlər".

Lalə, BakuPost


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar