AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı yeni və sarsıdıcı təfərrüatlar ortaya çıxıb. Minval Politika 2024-cü il dekabrın 25-də baş vermiş faciənin dəqiq xronologiyasını ilk dəfə yayımlayıb.
Bakupost.az xəbər verir ki, materialda hadisəyə birbaşa cavabdeh olan Rusiya Hərbi Hava Qüvvələrinin general-mayoru Aleksandr Tolopilonun əmrindən tutmuş, texniki nasazlıqlar və sonradan aparılan ört-basdır əməliyyatların detalları təqdim olunur.
Hər şey səhər saatlarında başladı...
25 dekabr 2024-cü il, saat 03:26-da Şimali Qafqaz bölgəsində “PUA təhlükəsi” siqnalı verilib. Ardınca, saat 08:05-də Şimali Osetiyada “Kover” siqnalı elan olunub. Bu siqnal mülki hava məkanında ciddi məhdudiyyətlər qoyur və yalnız döyüş tapşırıqları olan təyyarələrin havada qalmasına icazə verir.
Bu siqnal barədə 51-ci HHM diviziyasının komandiri general-mayor Aleksandr Tolopilo məlumatlandırılıb və o, “Kover” rejimini Groznı aerodromunun 50 km ətrafında tətbiq etmək barədə göstəriş verib.
Embraer 190 – müşayiətsiz hədəf
Saat 07:23-dən 08:09-a qədər Bakı-Groznı reysini yerinə yetirən AZAL-a məxsus Embraer 190 təyyarəsi radar vasitəsilə müşahidə olunub. Ancaq 08:09-dan 08:13-ə qədər radar müşayiəti kəsilib — bu da faciəyə aparan əsas məqam olub.
Həlledici səhv: “bunun PUA olduğunu düşündüm...”
08:12-də Groznının qərb kənarında yerləşən “Pantsir-S” hava hücumundan müdafiə kompleksinin operatoru, kapitan Dmitri Paladiçuk radarda təyyarəni qeydə alıb, lakin onu pilotsuz uçuş aparatı (PUA) hesab edib. 08:13-də ona general-mayor Tolopilonun adından hədəfi məhv etmə əmri verilib.
08:13:27 – birinci raket atılıb
08:13:48 – ikinci raket atılıb
Hər iki raket mülki təyyarəni vurub və nəticədə təyyarə qəzaya uğrayıb. Bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.
Faciədən sonra yalan və manipulyasiya
Minval Politikanın məlumatına görə, general-mayor Tolopilo sonradan obyektiv nəzarət materiallarını saxtalaşdırmağa cəhd edib. O, raketlərin guya öz-özünə partladığını və təyyarəyə toxunmadığını bildirib. Eyni zamanda, radar sistemindəki nasazlıqlar və “Pantsir-S” kompleksinin texniki problemləri barədə məlumatları gizlədib.
Hadisənin səbəblərinin ciddi şəkildə araşdırılması əvəzinə, Tolopilo məsuliyyətdən yayınaraq Rusiya Hərbi Hava Qüvvələrinin Şərq Hərbi Dairəsində yeni vəzifəyə – 11-ci orduya komandir müavini təyin edilib.
Araşdırma dayanıb, cavabdehlər qorunur
Məlumata görə, 4-cü Ordu və Rusiya Hərbi Hava Qüvvələrinin rəhbərliyi hadisənin araşdırılmasına mane olur. Qəzanın əsas səbəbi olan qərarların – radar müşayiətinin kəsilməsi və hədəfin səhv tanınması – ciddi nəticələrə səbəb olsa da, heç bir yüksək rütbəli şəxs məsuliyyətə cəlb edilməyib.
Nəticə
25 dekabr 2024-cü il — Rusiya ordusunda koordinasiyasızlıq, texniki nasazlıqlar və yalançı əmr zənciri nəticəsində mülki sərnişin təyyarəsinin vurulduğu tarix kimi qalacaq. Qurbanların ailələri isə hələ də cavab gözləyir.