Xəbər verdiyimiz kimi, bu gün İstanbulda Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun keçirilməsi planlaşdırılır. Görüşdə Türkiyə nümayəndə heyəti də iştirak edəcək.
Qeyd edək ki, görüşün Çırağan Sarayında keçirilməsi nəzərdə tutulur. Tərəflər danışıqların dilini özləri müəyyən edəcək, təşkilatçılar isə istənilən yardımı göstərməyə hazırdırlar.
Bəs İstanbul görüşündən ciddi nəticə gözlənilirmi?
Mövzu ilə bağlı siyasi şərhçi Elçin Xalidbəyli
Bakupost.az -a açıqlamasında bildirib ki, İstanbulda indiyə qədər keçirilən iki görüş nəticəsiz olub:
“Bu dəfəki görüşdən də sülh anlaşması istiqamətində ciddi bir nəticə gözlənilmir. Əgər İstanbul görüşü baş tutarsa, Rusiya və Ukrayna təmsilçiləri əsasən, humanitar mövzuları, məsələn, əsirlərin dəyişdirilməsi və s. müzakirə edəcəklər. Amma real sülh mövzusunun gündəmə gəlmə ehtimalı yoxdur, çünki Kreml sülh danışıqlarına qətiyyən hazır deyil”.
Ekspert qeyd edib ki, Rusiyanın mövqeyi dəyişməyib:
“Kremldə belə bir anlayış var ki, sülh şərtlərini yalnız Rusiya müəyyən edə bilər. Rusiya hansı şərtləri irəli sürübsə, Ukrayna, ABŞ, eləcə də Avropa Birliyi ölkələri bu şərtlərlə razılaşmalıdır və yalnız bu halda sülh sazişi imzalanmalıdır. Rusiya siyasi dairələri bu cür düşünür. Buna görə də Moskvanın sülh masası arxasında aqressiv mövqe tutduğu açıq şəkildə görünür”.
Elçin Xalidbəylinin sözlərinə görə, artıq amerikalılar və avropalılar da açıq şəkildə bəyan edirlər ki, Rusiya sülhə hazır deyil və aqressiv şərtlər irəli sürür:
“Rusiya ilə sülh danışıqları aparmaq imkanı faktiki olaraq tükənib. Bu səbəbdən İstanbul görüşündən də ciddi nəticə gözlənilmir. Böyük ehtimalla, savaş bir müddət də intensiv şəkildə davam edəcək. Trampın Rusiyaya 50 gün vaxt verilməsi məsələsini də nəzərə aldıqda, böyük ehtimalla Ukrayna müharibəsinin gələcək taleyi həmin müddət bitdikdən sonra təxminən aydınlaşmağa başlayacaq. Əgər Ukraynaya daha müasir və uzaqmənzilli hücum silahları verilərsə, bu, Rusiya üçün çox ciddi problemlər yaradacaq. Bu yolla onu sülh masasına əyləşdirmək və orada Qərbin irəli sürdüyü şərtləri qəbul etdirməyə məcbur etmək planlaşdırılır. Yəni, məsələnin məğzi bundan ibarətdir. Rusiya Qərbin tələblərini və şərtlərini qəbul etməyənə qədər bu savaş davam edəcək”.
Lalə,
BakuPost