Rusiya konyak bazarında kütləvi saxtakarlıq müşahidə olunur və əsas pay “erməni konyakı” adı altında satılan kontrafakt məhsulların payına düşür. Bu barədə Konyak, spirt və alkoqollu məhsullar istehsalçıları İttifaqının sədri, Dövlət Dumasının deputatı Vladislav Reznik açıqlama verib.
Bakupost.az Ura.ru-ya istinadən xəbər verir ki, məlumat Federal Gömrük Xidməti (FGX) tərəfindən də təsdiqlənir. Qurumun qiymətləndirməsinə görə, Rusiya bazarında dövriyyədə olan konyakın təxminən 60–70%-i saxta məhsuldur. Bu məhsulların mühüm hissəsi Ermənistandan gətirilən, texnoloji normalara və GOST tələblərinə cavab verməyən surroqat içkilərdir.
“Erməni konyakı” adı altında qurulan saxta istehsal sxemi
FGX-nin məlumatına əsasən, Rusiya pərakəndə satış şəbəkələrinə daxil olan saxta konyakların böyük hissəsi Ermənistan mənşəli kimi rəsmiləşdirilir. Bu məhsullar keyfiyyətli konyakdan xeyli ucuz qiymətə satılır və bu da onların saxta olmasına dair əsas göstəricilərdən biridir.
Vladislav Reznik bildirib ki, həqiqi konyak istehsalı uzun illər tələb edən mürəkkəb texnoloji prosesdir və bu cür məhsulun ucuz qiymətə satılması mümkün deyil. Onun sözlərinə görə, Ermənistanda bəyan edilən ixrac həcmlərinə uyğun miqdarda konyak istehsal etmək üçün kifayət qədər üzüm bağları mövcud deyil.
“Erməni konyakı böyük tarixə malik ayrıca bir brenddir və Sovet dövründə böyümüş hər kəs üçün tanış addır. Təəssüf ki, bu gün bu adda geniş şəkildə sui-istifadə olunur. Ermənistan GOST standartlarına uyğun bu qədər konyak istehsal etmək üçün yetərli üzüm yetişdirmir. Aydındır ki, xammal əsasən Gürcüstandan gətirilir, sonradan bir çox hallarda Ermənistanda qarışdırılır və Rusiyaya ‘erməni konyakı’ adı altında keyfiyyətsiz məhsul kimi göndərilir”, – Reznik Ura.ru-ya açıqlamasında bildirib.
Saxta içkilər təkcə konyakla məhdudlaşmır
Oxşar vəziyyət digər alkoqollu içkilər, xüsusilə sidr bazarında da müşahidə olunur. Rusiya Milli Alkoqol Mərkəzinin rəhbəri Pavel Şapkinin sözlərinə görə, sidr təbii alma şirəsinin fermentasiyası yolu ilə hazırlanmalıdır. Lakin reallıqda çox vaxt bərpa olunmuş şirə və şübhəli keyfiyyətli spirt istifadə edilir.
Bu cür saxtalaşdırmanın ən ağır nəticələrindən biri “Mister Sidr” brendi ətrafında yaşanan faciə olub. Saxta alkoqolun istifadəsi nəticəsində 50 nəfər həyatını itirib.
Ermənistandan gələn saxta içkilər – problemin coğrafiyası
2025-ci ilin oktyabr ayına olan məlumata görə, Rusiya Federasiyasında keyfiyyətsiz alkoqolun ümumi payı 34% təşkil edir. FGX-nin “Monitorinq və operativ nəzarət mərkəzi”nin rəhbəri İvan Kozlovun açıqlamasına əsasən, saxta alkoqolun əsas tədarük mənbələri sırasında Ermənistan ilk yerlərdədir. Bundan əlavə, saxta məhsullar Özbəkistan, Gürcüstan, Qırğızıstan və Azərbaycandan da Rusiyaya daxil olur.
Saxta “erməni konyakı”na görə cinayət işlərinin sayı artır
FGX-nin məlumatına görə, 2025-ci ildə Rusiyada alkoqol məhsullarının qanunsuz idxalı ilə bağlı 28 cinayət işi açılıb. Müqayisə üçün, 2024-cü ildə bu rəqəm 14 idi.
Saxta alkoqolun dövlət sərhədindən keçirilməsinə cəhd göstərən şəxslər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 226.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunur. Bu maddə üzrə cəza 12 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Ötən il ölkəyə gətirilməsinə cəhd göstərilən qeyri-qanuni alkoqolun ümumi dəyəri 413,5 milyon rubl olub.
Saxta erməni konyakını necə tanımaq olar
Mütəxəssislər ilk növbədə alkoqolun alındığı yerə diqqət yetirməyi tövsiyə edirlər. Butulkanın üzərində cızıqların, sızmaların, zədələnmiş və ya qeyri-bərabər yapışdırılmış etiketlərin olması şübhə üçün əsasdır.
Qiymət faktoru da mühüm göstəricidir. Konyakın həddindən artıq ucuz olması, xüsusilə “erməni konyakı” adı ilə satılan məhsullarda ciddi risk siqnalı hesab olunur.
“Həqiqi konyak ucuz ola bilməz. 2026-cı il üçün minimal pərakəndə satış qiyməti 755 rubl müəyyən edilib. Lakin tam istehsal dövrünə malik istehsalçılar bu qiyməti də aşağı hesab edirlər. Real bazar qiyməti bundan təxminən bir yarım dəfə yüksəkdir”, – Reznik bildirib.
Rusiya konyakı fonunda “erməni brendi”nin devalvasiyası
Reznikin sözlərinə görə, Rusiya istehsalı olan konyaklar GOST tələblərinə cavab verdiyi üçün idxal məhsulları ilə rəqabət apara bilir. Medianın yazdığına əsasən, hazırda konyak istehsalında lider regionlar Dağıstan, Moskva vilayəti və Stavropol diyarıdır.
Deputat əlavə edib ki, gələn ildən etibarən Rusiyada konyak istehsalı tam şəkildə yalnız yerli üzüm əsasında həyata keçiriləcək. Bu isə “erməni konyakı” adı altında idxal olunan məhsulların bazardan sıxışdırılmasına yönəlmiş addım kimi qiymətləndirilir.
Cavid, BakuPost