Ru
13:49 / 16 İyul 2026

Neft bahalaşır: ABŞ-İran gərginliyi qiymətləri artırır

 Neft bahalaşır: ABŞ-İran gərginliyi qiymətləri artırır
Eye

ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyatları və Yaxın Şərqdə artan gərginlik dünya bazarında neft qiymətlərinin yüksəlməsinə səbəb olub.

“Bakupost” xəbər verir ki, Hörmüz boğazında neft tədarükünün pozula biləcəyi ilə bağlı narahatlıqlar qiymət artımını dəstəkləyib.

Brent markalı neftin sentyabr fyuçersləri 0,4% bahalaşaraq bir barel üçün 85,28 dollara, WTI markalı ABŞ xam nefti isə 0,5% artaraq 80,02 dollara yüksəlib. Hər iki etalon neft markası əvvəlki ticarət sessiyasında da bahalaşaraq son bir ayın ən yüksək səviyyələrinə yaxınlaşıb.

Analitiklərin fikrincə, Yaxın Şərqdə gərginliyin yenidən artması investorların diqqətini neft bazarına yönəldib. Bununla belə, bazarda hələlik tammiqyaslı müharibənin baş verməyəcəyi ilə bağlı gözləntilər üstünlük təşkil edir.

“Nissan Securities Investment”in baş strateqi Hiroyuki Kikukava bildirib ki, münaqişənin genişlənəcəyi təqdirdə WTI markalı neftin qiyməti bir barel üçün 85–87 dollar səviyyəsinə yüksələ bilər.

Dünyanın ən böyük investisiya bankı və maliyyə xidmətləri şirkəti olan “Goldman Sachs” isə hesab edir ki, Körfəz regionundan neft ixracının bərpası gecikərsə, ilin dördüncü rübündə Brent markalı neftin qiyməti 110 dolları ötə bilər. Bankın proqnozuna görə, gərginliyin azalacağı və hasilatın gözləniləndən daha sürətli bərpa olunacağı halda isə ilin sonuna doğru qiymətlər 60 dollar səviyyəsinə enə bilər.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar