Ru
21:55 / 12 Dekabr 2025

Rusiyada anti-Azərbaycan meyilləri yenidən artıb: Təsadüf, ya planlaşdırılmış TƏXRİBAT?

Rusiyada anti-Azərbaycan meyilləri yenidən artıb: Təsadüf, ya planlaşdırılmış TƏXRİBAT?
Eye

AZAL təyyarəsinin qəzasının ildönümü yaxınlaşdıqca Rusiyada anti-Azərbaycan meyillərinin kəskinləşməsi diqqətdən yayınmır. Moskvadan ölkəmizə doğru yönələn bu təxribatların təsadüfi olmadığı da ortaya çıxır.

Bakupost.az xəbər verir ki, Milli Məclisin deputatı Elçin Mirzəbəyli Oxu.Az-a açıqlamasında proseslərin motivlərini şərh edib.

Rusiyada anti-Azərbaycan meyilləri yenidən artıb: Bakı regionda yeni güc balansı yaradıb

O bildirib ki, AZAL-a məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasının ildönümünün yaxınlaşmasına, Moskvanın bir müddət öncə bu mövzuda ritorikasını özünəməxsus tərzdə yumşalmasına baxmayaraq, Şimaldan "əsən" böyük informasiya dalğasının ölkəmizə doğru hərəkət etməsi səngimir:

"Hazırda Rusiyada anti-Azərbaycan meyillərinin süni şəkildə gücləndirilməsi, diaspor təşkilatlarına qarşı təzyiqlərin sistemli şəkildə artması bu prosesin tərkib hissəsidir. Maraqlıdır, Bakının təmkinli davranışı, uğurlu diplomatik gedişləri və bölgədə davamlı sülhün, sabitliyin qorunması üçün atdığı addımlar Moskvanı niyə narahat edir?

Rusiyada son illərdə qapalı siyasi mühitin dərinləşməsi, Ukrayna müharibəsinin yaratdığı böhran, imperiya nostalgiyasının yenidən gündəmə gətirilməsi cəmiyyətdə ultramillətçi əhvali-ruhiyyəni gücləndirib. Bu atmosferdə azərbaycanlılara qarşı nifrətin bəzi dairələr tərəfindən alətə çevrilməsi, informasiya mühitində təhqir və təhdidin normal hala gətirilməsi təəccüblü deyil. Çünki Azərbaycan regionda Rusiyanın postsovet məkanına dair köhnə təsəvvürlərini alt-üst edən və presedent yaradan müstəqil model nümayiş etdirir. Ölkəmiz uğurla yürütdüyü çoxvektorlu siyasəti ilə heç bir güc mərkəzindən asılı deyil, öz ərazi bütövlüyünü bərpa edərək yeni regional reallıq yaradıb və Moskvanın ənənəvi rıçaqlarını sıradan çıxarıb. Rusiya daxilində sosial narazılığı yatırtmaq üçün xarici düşmən obrazına ehtiyac duyulan indiki mərhələdə Azərbaycana qarşı ritorika isə, ilk növbədə daxili auditoriyaya ünvanlanmış manipulyasiya alətinə çevrilib".

"Ultramillətçiliyin yüksəlişi isə çoxmillətli Rusiya üçün kifayət qədər təhlükəli istiqamətdir. Bu proses federasiyanın içində etnik balansı pozur və uzunmüddətli perspektivdə etimad mühitinin tamamilə sıradan çıxmasına zəmin yaradır. Rusiya yalnız inklüziv siyasi model ilə sabit qala bilər.

Azərbaycanda son illərdə siyasi sistemin təmizlənməsi, "beşinci kolon"un və xarici təsir şəbəkələrinin neytrallaşdırılması Moskvanı ən çox narahat edən amildir. Çünki bu proses nəticəsində Rusiya Azərbaycandakı ən vacib təsir rıçaqlarını itirib. Rusiyaya bağlı şəbəkələr, agentura və informasiya bağlantıları sıradan çıxarıldıqca Moskvanın "idarəolunan xaos" modeli də işləmir. Bu gün Rusiyada anti-Azərbaycan meyillərinin artmasının başlıca səbəbi isə məhz Bakının bu şəbəkələri dağıtmasıdır",- deyə parlamentari vurğulayıb.

Millət vəkili əlavə edib ki, növbəti mərhələdə biznes sektorunda və dini cameədəki "beşinci kolon" qalıqlarının neytrallaşdırılması ehtimalı getdikcə artır:

"Rusiya bu sahələrdə uzun illər qeyri-formal iqtisadi əlaqələr, dini təsir alətləri və kölgə mexanizmləri vasitəsilə Azərbaycanda sosial dayaqlar yaratmağa çalışıb. Bu imkanların aradan qaldırılması istiqamətində atılacağı ehtimal olunan addımlar, ola bilsin ki, Moskvanın narahatlığını daha da artırır. O yaxşı anlayır ki, zərərsizləşdirilən siyasi təsir kanallarından sonra növbə biznes qruplarına və mürgülü görünən dini seqmentə çatacaq və bu, Kremlin Cənubi Qafqazdakı təsir modelinin tamamilə sıradan çıxması deməkdir.

Bu xüsusda SEPAH-a yaxın şəbəkələrin Rusiyanın təsir agentləri ilə sinxron hərəkət etməsi də unudulmamalıdır. Azərbaycan regionda yeni güc balansı yaradaraq həm Şimalın, həm də Cənubun paralel ideoloji təxribat ssenariləri üzrə hərəkət edən dairələrinin onilliklərlə qurduqları təsir mexanizmlərinə ciddi zərbə vurub. Lakin qonşu ölkələrin ərazidə məqsədyönlü şəkildə buraxılmış boşluqlardan qaynaqlana biləcək təhdidlər qalmaqdadır".

"Bununla yanaşı qeyd etmək lazımdır ki, Rusiyada artan anti-Azərbaycan tendensiyaları, diaspor təşkilatlarına edilən hücumlar və informasiya təxribatları Azərbaycanın müstəqil siyasətinin, güclənən dövlət institutlarının və xarici təsirlərdən sığortalanmaq üçün həyata keçirdiyi çevik siyasətin birbaşa nəticəsidir. Azərbaycan heç vaxt və heç bir halda hansısa dövlətin təsir zonasına qayıtmayacaq. Moskvanın narazılığı da məhz bundan qaynaqlanır. Bakı öz yolunu müəyyən edib. Bu, suverenlik, milli maraqlar, müstəqil çoxvektorlu siyasət və regionda ədalətli güc nizamının qorunmasıdır", - E.Mirzəbəyli fikrini yekunlaşdırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar