Rusiyanın Stavropol vilayətinin Budennovsk şəhərində yerləşən “Stavrolen” neft-kimya zavodu pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, hadisə bu gün keçən gecə saatlarında baş verib. Bu barədə region sakinləri sosial şəbəkələrdə partlayış səsləri və sənaye zonasında baş verən yanğınla bağlı məlumatlar paylaşıblar.
Vilayətin qubernatoru Vladimir Vladimirov hücumun məhz Budennovsk şəhərində, Roza Lüksemburq küçəsi 1 ünvanında yerləşən “Stavrolen” müəssisəsinə edildiyini təsdiqləyib.
“Stavrolen” MMC Rusiyanın əsas neft-kimya müəssisələrindən biri hesab olunur və “Lukoyl” qrupuna daxildir. Zavod polietilen və polipropilen istehsalı üzrə ölkənin aparıcı istehsalçılarındandır. Müəssisə ildə yüz minlərlə ton etilen, polietilen və polipropilen istehsal edir. Zavodun məhsulları boru istehsalı, kabel izolyasiyası, plyonka və lak-boya sənayesində geniş istifadə olunur.
Eyni gecə Ukrayna PUA hücumu nəticəsində Rostov vilayətində iki fərdi yaşayış evinə də ziyan dəydiyi bildirilir. Rusiya Müdafiə Nazirliyi gecə ərzində ölkə ərazisi üzərində ümumilikdə 29 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
Bununla yanaşı, Rusiya tərəfinin pilotsuz uçuş aparatları ilə dekabrın 22-si axşam saatlarında Odessaya zərbələr endirdiyi, nəticədə mülki gəmi və liman infrastrukturuna ziyan dəydiyi barədə də məlumat yayılıb.
Cavid, BakuPost