Amurda qəzaya uğrayan An-24 təyyarəsinin “qara qutuları” Moskvaya çatdırılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Dövlətlərarası Aviasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “qara qutular” paytaxta iyulun 25-dən 26-na keçən gecə çatdırılıb. Mütəxəssislər dərhal işə başlayıblar. Onlar əvvəlcə uçuş qeydlərini nəzərdən keçirib, daha sonra məlumat daşıyıcılarını xüsusi konteynerlərdən çıxarıblar. Konteynerlərin üzərində yanğın izləri aşkarlanıb.
“Parametrik məlumat daşıyıcısı (maqnit lent) yanğın nəticəsində məhv olub, lakin səs yazısını əhatə edən məlumatları salamat qalıb”, - deyə komitədən bildirilib.
Xatırladaq ki, An-24 sərnişin təyyarəsi enişə bir neçə dəqiqə qalmış yerə çırpılıb. Nəticədə göyərtədə olan bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. Ümumi ölüm sayı təxminən 50 nəfərdir. İlkin versiyaya görə, qəzaya pilotun səhvi səbəb ola bilərdi.
Lalə,
BakuPost