Rusiyanın Vladivostok şəhərindəki zoopark ərazisində güclü yanğın baş verib.
Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, alov tutuquşular, meymunlar, ilanlar və timsahların saxlanıldığı binanı əhatə edib. Yanğın eyni zamanda yenotlar və dəvəquşlarının olduğu volyerlərə də keçib.
Hadisə yerindən yayılan görüntülərdə alovun sürətlə yayıldığı, zooparkın bir neçə hissəsinin tüstü altında qaldığı görünür. Fövqəladə Hallar Xidmətinin yanğınsöndürən briqadaları əraziyə cəlb olunub. Heyvanların mümkün qədər təhlükəsiz şəkildə təxliyəsi istiqamətində tədbirlər görülür.
Hazırda heyvanlar arasında tələfat olub-olmadığı, eləcə də işçilərdən xəsarət alanların sayı ilə bağlı rəsmi açıqlama verilməyib. Yanğının səbəbləri araşdırılır. İlkin ehtimallar arasında texniki nasazlıq və ya elektrik xətlərində problem istisna edilmir.
Qeyd edək ki, Vladivostok zooparkında əsasən ekzotik və iqlimə həssas heyvanlar saxlanılır və belə obyektlərdə yanğın riski xüsusilə yüksək qiymətləndirilir.
Cavid, BakuPost