Rusiya ordusunun Ukraynanın Odessa vilayətində SOCAR-ın obyektlərinə zərbələrindən sonra Azərbaycan Ukraynaya tətbiq olunan silah embarqosunu yenidən nəzərdən keçirə biləcəyini açıqlayıb.
Bakupost.az xəbər verir ki, “Caliber” mənbələrinə istinadən Moskvanın Bakının maraqlarına qarşı “aqressiv siyasətini” davam etdirməsi halında belə bir qərar veriləcəyini bildirib.
Mövzu ilə bağlı
Bakupost.az -a danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, son vaxtlar Rusiyanın Azərbaycana qarşı növbəti aqressiv davranışı müşahidə olunur:
”Azərbaycana aid enerji layihəsinə hücum baş verib. Necə ki, Azərbaycanın təyyarəsinə raketlə hücum etmişdilər, bu dəfə də enerji layihəmizə aid paylaşdırıcı stansiyaya, ardınca SOCAR-ın yanacaqdoldurma stansiyasına hücum edilib. Bu da onu göstərir ki, Rusiya faktiki olaraq Azərbaycana qarşı düşmənçilik edir. Təbii ki, rəsmi Bakı da buna adekvat cavab vermək məcburiyyətindədir”.
E.Xalidbəyli əlavə edib ki, əslində Azərbaycanın Ukraynaya silah vermək niyyəti yoxdur, lakin indiki mərhələdə Rusiyanın bu davranışlarına cavab olaraq Ukraynaya silah embarqosunun ləğv olunması barədə düşünə bilər:
“Bu, Rusiyaya dolayısı ilə mesajdır. Əgər Azərbaycana qarşı düşmən mövqe davam edərsə, bu, cavabsız qalmayacaq”.
Qeyd edək ki, avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.
Xatırladaq ki, avqustun 8-i Rusiya Ukraynanın Odessa vilayətindəki SOCAR-a məxsus neft bazasına beş “Shahed” pilotsuz aparatı ilə zərbə endirib. Hücum nəticəsində yanğın baş verib və dizel borusu zədələnib. SOCAR-ın dörd əməkdaşı ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Ukrayna hüquq-mühafizə orqanlarının məlumatına görə, zərbələr məqsədli olub və hücumun hədəfi barədə şübhə yoxdur. Bu, son həftələrdə SOCAR-la bağlı obyektlərə ikinci zərbədir: daha əvvəl Orlovka yaxınlığında Azərbaycan qazının ötürülməsi nəzərdə tutulan qazpaylayıcı stansiya zədələnmişdi.
Lalə Novruz,
BakuPost