Ru
15:24 / 15 Aprel 2026

Rusiyanın yeni qanunu: Harda rus tutularsa, ora qoşun yeridə biləcək

Rusiyanın yeni qanunu: Harda rus tutularsa, ora qoşun yeridə biləcək
Eye

Rusiya başqa ölkələrə müdaxilə etməyə bəhanə əldə etmək üçün hər dəfə ortaya yeni-yeni metodlar atır.
Bu istiqamətdə növbəti addım Rusiya Dövlət Duması tərəfindən atılıb.

Belə ki, Dövlət Duması ölkə hüdudlarından kənarda çətin duruma düşən vətəndaşların müdafiəsi strategiyasında ciddi dəyişikliklərə səbəb olacaq yeni qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Bakupost.az xəbər verir ki, sözügedən sənəd başqa dövlətlərin məhkəmə instansiyaları tərəfindən cinayət məsuliyyətinə cəlb edilən Rusiya vətəndaşlarının müdafiəsi məqsədilə Rusiya ordusunun tətbiqinə şərait yaradacaq.

Bu qanunda həbs edilən, nəzarətə götürülən və müxtəlif formalarda təqiblərə məruz qalan vətəndaşların təhlükəsizliyini təmin etməklə bağlı hərbi qüvvələrin cəlb olunması üçün ölkə rəhbərinin göstəriş vermək hüququ tanınır.

Məlumata görə, sözügedən təşəbbüs Rusiyanın iştirak etmədiyi beynəlxalq məhkəmələrin və ya xarici hüquq-mühafizə orqanlarının qərarlarına, həmçinin verilən hökmlərin rəsmi Moskvanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və yaxud BMT Təhlükəsizlik Şurasının sənədlərinə əsaslanmadığı vəziyyətlərə şamil ediləcək.

Qeyd edək ki, Rusiya hazırda Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa) yurisdiksiyasını tanımır və onun hakimlərinə qarşı cinayət işləri açıb. Moskva eyni zamanda, BCM-nin Roma Statutunu da imzalamayıb. Həmçinin, 2022-ci ildən Avropa Şurasından çıxdığı üçün Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yurisdiksiyasında da deyil. 16 sentyabr 2022-ci il tarixindən etibarən Rusiya Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısı deyil. Bu səbəbdən AİHM-in qərarları da Rusiya üçün məcburi deyil.
Bundan başqa, Rusiya xarici beynəlxalq məhkəmələrin qərarlarının ölkə daxilində icrasını qadağan edib.

Aydın məsələdir ki, Rusiyanın öz vətəndaşlarını müdafiə adı altında xarici ölkələrə müdaxilə etməyə imkan verən bu təşəbbüsdə əsas məqsədi heç də həmvətənlərinin qayğısına qalmaq deyil.

Sözügedən addım daha çox xarici ölkələrə təzyiq etmək, onları öz nəzarətində saxlamaq məqsədilə ortaya atılıb. Bu sənəddən belə görünür ki, Rusiya öz vətəndaşlarını müdafiə adı ilə istənilən an istənilən ölkəyə hərbi müdaxilə edə bilər.

Bu xüsusda əsas hədəf qismində də böyük ehtimalla MDB ölkələri, xüsusən də Qazaxıstan nəzərdə tutulur. Son dövrlər Rusiyanın MDB məkanına təsir imkanları zəifləyib. Kremlin əsas diqqətinin Ukraynada müharibəyə yönəlməsi fonunda onun yaxın ətraf ölkələrə nəzarət etmək imkanları istər-istəməz azalıb. Xatırladaq ki, rusdilli əhalinin müdafiəsi məsələsi Rusiyanın Ukraynaya müdaxiləsində də əsas bəhanələrdən biri idi.

Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin son zamanlar Türkiyə, Çin, ABŞ, Avropa İttifaqı ilə əlaqələri xeyli intensivləşib. Aİ Mərkəzi Asiya ölkələrinə 12 milyard avroluq investisiya yatırmaq qərarına gəlib. ABŞ isə Zəngəzur dəhlizini öz himayəsinə alıb. Türkiyə isə Türk Dövlətləri Təşkilatı daxilində hər iki məkanda öz mövqeyini günü-gündən daha da gücləndirir. Bütün bunlar isə regionda mövqeləri zəifləyən Rusiyanı qıcıqlandırır. Ona görə də Moskva təsir imkanlarını itirməmək, qonşu ölkələrin daxili işlərinə qarışmaq, onları daim qorxu altında saxlamağa davam etmək üçün ələ düşən hər cür fürsətdən sui-istifadə etməyə çalışır.
Rusiyanın həmin təşəbbüsünün digər məkanlara təsir imkanları isə olduqca məhduddur. Çoxsaylı rusdillinin yaşadığı Baltik ölkələrində sözügedən qanun çətin ki, keçərli olsun. Çünki həmin ölkələr NATO-nun çətiri altındadır. Bunu Şərqi Avropanın digər ölkələrinə də şamil etmək olar. Olsa-olsa Rusiya həmin təşəbbüsü MDB məkanından əlavə müəyyən dərəcədə Afrikada da gerçəkləşdirə bilər.

Amma Ukraynada müharibəni davam etdirdiyi indiki vəziyyətdə yox...

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar