Ru
10:20 / 01 Noyabr 2025

Rüşvət aldığı deyilən vəzifəli şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Rüşvət aldığı deyilən vəzifəli şəxslə bağlı RƏSMİ AÇIQLAMA
Eye

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ət satışı məntəqələrində reydləri gücləndirib. Qurumun əməkdaşları bir neçə gün əvvəl Yasamal rayonu ərazisində ət dükanı olan sahibkar Surxay Səfərovu cərimələyib. Ancaq o, bu cəriməni haqsız sayaraq agentlik işçiləri barədə ciddi iddialar səsləndirib. Sahibkarın dediyinə görə, AQTA-nın Bakı Regional Bölməsinin böyük məsləhətçisi Qurban Əliyev həmin ərazidə fəaliyyət göstərən qəssabları mütəmadi təhdid edərək onlardan 2-3 gündən bir 20-30 manat məbləğində pul alır.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib ki, sahibkarın iddiaları ilə bağlı qurum daxilində araşdırma aparılıb:

“Sahibkarın səsləndirdiyi iddialarla bağlı agentlikdə daxili araşdırma aparılıb və həmin iddialar təsdiqini tapmayıb. Bildiririk ki, fakta əsaslanmayan iddialar digər hüquqi əsaslar yaradır”.

Qeyd edilib ki, AQTA Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti nümayəndələri ilə birgə qanunsuz heyvan kəsiminin qarşısının alınması məqsədi ilə bu il yanvar ayının 23-də Yasamal rayonunda reyd keçirib. Məlumata görə, reyd zamanı Bakı şəhər, Yasamal rayonu, M.Xiyabani 33 ünvanında fəaliyyət göstərən fiziki şəxs Səfərov Surxay Akif oğluna məxsus “Nağının ət dükanı” adlı ət satışı mağazasında qanunsuz heyvan kəsimi və baytarlıq ekspertiza sənədi olmadan ət satışı faktı müəyyənləşib:

“Faktla bağlı DİN-in nümayəndəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək 600 (altı yüz) manat məbləğində cərimə tətbiq edilib. Əlavə olaraq bildiririk ki, daxil olmuş istehlakçı şikayəti əsasında qeyd edilən ünvanda bu il martın 12-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida obyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, mağazada satışı həyata keçirilən ətlərin baytarlıq nəzarətindən keçirilmədən, baytarlıq sənədlərinin və üzərində möhürün olmadığı, həmçinin mağazanın sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olduğu və qida ilə təmasda olan işçinin tibbi müayinədən keçirilmədən işləməsi müəyyən edilərək, sahibkar Səfərov Surxay Akif oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında Protokol tərtib olunmuş və 800 (səkkiz yüz) manat məbləğində cərimə qərarı qəbul olunub”.

AQTA sahibkarın qeyd olunan cərimə məbləğini könüllü icra müddətində ödəmədiyi üçün məcburi icranın təmin edilməsi məqsədilə tənbehvermə qərarı Yasamal rayon icra şöbəsinə göndərildiyini də qeyd edib:

“Göründüyü kimi, sahibkar cari il ərzində iki dəfə eyni xəta ilə bağlı inzibati məsuliyyətə cəlb olunsa da, qanun tələblərini pozmaqda davam edir. Dövlət qurumları tərəfindən birgə həyata keçirilən bu tip tədbirlərin başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir. Xüsusilə dünyada və regionda yoluxucu heyvan xəstəliklərinin yayılma riski nəzərə alınıraq, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə qarşı ictimai nəzarətin artırılması vacibdir. İstehlakçı kimi isə tövsiyə olunur ki, baytarlıq nəzarətindən kənar, heç bir sənədləri olmayan və baytarlıq-sanitariya normalarına cavab verməyən yerlərdən ət və ət məhsuları alınmasın”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar