Saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin aidiyyəti dövlət orqanları (qurum) ilə razılaşdırılması prosesi iyun ayınadək yekunlaşacaq.
Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üçün Yol Xəritəsində əks olunub.
Bu il ölkədə aparılması nəzərdə tutulan əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatları çərçivəsində əmək münasibətlərində ayrı-seçkiliyin və seksual qısnamanın yolverilməzliyinin təmin edilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək.
Həmçinin, sənəddə əmək qanunvericiliyində əməkhaqqından tutulmalarla bağlı müddəaların beynəlxalq normalara uyğunlaşdırılması ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, uşaqların əmək hüquqlarının pozulmasının qarşısının alınması ilə bağlı inzibati məsuliyyətin sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin aidiyyəti qurumlarla razılaşdırılması, “Təcrübəçi” kimi əmək fəaliyyətinə cəlb olunmuş şəxslərin hüquqi statusunu tənzimləyən normaların normativ hüquqi aktlara daxil edilməsi nəzərdə tutulub.
Yol Xəritəsi üzrə əsas icraçı qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, məsul şəxslər isə qurumun müvafiq şöbələrinə rəhbərlik edən şəxslərdir.