Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bakupst.az xəbər verir ki, FHN-in məlumatına görə, dərhal hadisə yerinə gedən xilasedicilər göndərilib.
Əməliyyat zamanı məlum olub ki, “KİA” markalı minik avtomobilinin “KAMAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində qəza baş verib və minik avtomobilinin sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər sürücü, 1991-ci il təvəllüdlü Bağırzadə Məhərrəm Dilafət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 1963-cü il təvəllüdlü Məmmədova Gəvahir İsmayıl qızı vəfat edib.
Hadisə ilə bağlı təhqiqat aparılır.
***
09:29
Bu gün saat 05:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Buzovna qəsəbəsi, Mərdəkan yolu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Bakupost.az xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatına görə, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi və qadın) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.