Ru
13:25 / 02 Dekabr 2025

“Şamaxinka”dakı yeni işıqforlar tıxaclar yaradacaq? – AÇIQLAMA

“Şamaxinka”dakı yeni işıqforlar tıxaclar yaradacaq? – AÇIQLAMA
Eye

Xəbər verdiyimiz kimi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsində hərəkətin təşkilində dəyişikliklər edir .Reallaşdırılan layihəyə əsasən, 20 Yanvar və Asif Məhərrəmov küçələrinin kəsişməsində nəqliyyat adacıqları təşkil ediləcək. Beləliklə, 20 Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçəsi arasındakı və ona paralel hissəsində birtərəfli hərəkət təmin olunacaq.
Layihənin icrası ilə Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyi işıqforla tənzimlənəcək.

Lakin bəzi sürücülər bu qərardan narazıdır. Onlar hesab edirlər ki, işıqforların quraşdırılması yol sahəsində tıxacların daha da artmasına səbəb olacaq.

Bəs ekspertlər nə düşünür?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru Fərhad Eyyubov bildirib ki, yol hərəkətinin təşkili məsələsində ən önəmli faktorlardan biri təhlükəsizlikdir:


“Ümumiyyətlə, böyük şəhərlərdə tıxacların qarşısını almaq üçün müəyyən metodlar mövcuddur. Onlardan ən əsası 3 metod sayılır:
1.Operativ təşkiletmə (indi bu dəqiqə gördüyümüz metod)
2. Layihələndirmə-memarlıq metodu – müəyyən yerlərdə genişləndirmə aparılması, müxtəlif səviyyəli yolların təşkili və s.
3. İnzibati məhdudlaşdırıcı metod – müəyyən yerlərə avtomobillər buraxılmır və s.

Bu 3 metoddan biri olan operativ təşkiletmə metodunda müəyyən vaxtlarda yollarda birtərəfli hərəkət təşkil olunur, işıqforlardan istifadə edilir. Bu metodun tətbiqi əsaslandırılmış şəkildə olmalıdır. Bəzi vaxtlar həmin operativ təşkiletmə metodundan sonra tıxaclar daha da böyüyür və vəziyyət çətinləşir. Kompleks olaraq, əvvəldən müəyyən monitorinq aparılır, nəqliyyat vasitələrinin intensivliyi, sıxlığı və tərkibi öyrənilir. Ondan sonra həmin yerlərdə ya birtərəfli hərəkət, ya müəyyən meydanlarda nizamlama metodlarının üstünlüyü, işıqforların istifadəsi və s. nəzərdə tutulur. Hazırda bu təşkiletmənin effektivliyi tam dəqiq müəyyən edilə bilməz. Ola bilsin ki, metod tətbiq olunduqdan sonra onun haqqında müəyyən mühakimələr yürütmək olar”.

F.Eyyubov bildirib ki, hər bir metodda ümumi şəhərin intensivlik, hərəkətin təşkili trayektoriyası öyrənilməli və ən operativ formada ən münasib metod işlənməlidir:

“Həmin planın necə təşkil olunması barədə mən bir söz deyə bilmərəm, çünki orada nə qədər iş aparılıb, plan nə qədər dəqiq nəzərdə tutulub və gələcəkdə nə qədər effektiv olacaq, bunu zaman göstərəcək. Bəzi hallarda işıqforların quraşdırılması təhlükəsizlik problemlərini aradan qaldırmaq üçün nəzərdə tutulur. Nəqliyyat vasitələri bir-biri ilə qarşılaşan zaman üç hal baş verir: görüşmə nöqtəsi, ayrılma nöqtəsi və kəsişmə nöqtəsi. Bunlara konflikt nöqtələri deyilir. Yol ayrıcında və ya meydanlarda konflikt nöqtələrinin sayı çox olarsa, mürəkkəblik dərəcəsi və təhlükəsizlik problemləri artır. Kəsişmələri aradan qaldırmaq üçün işıqfor nizamlanmalarından istifadə olunur, hətta bu nizamlanmalar müəyyən fazalarda – sağa dönmə, sola dönmə və müstəqil formada da həyata keçirilə bilər. Bu baxımdan işıqforların quraşdırılması təhlükəsizliyi müəyyən qədər yaxşılaşdırır, çünki dönmə zamanı qarşıdakı nəqliyyat vasitəsini gözləmək və üstünlük vəziyyətini müəyyənləşdirmək asanlaşır".

Ekspert vurğulayıb ki, işıqforların nizamlanması zamanı yolda tıxacların daha çox və ya az olacağını zaman göstərəcək:

“Yollarda tıxacların əmələ gəlməsi müxtəlif səbəblərdən baş verir: yolların daralması, bir neçə yolun birləşməsi, müəyyən yollarda intensivliyin həddindən artıq çox olması və s. Həmin yolda dəyişiklik zamanla həll olunacaq. Əgər metod özünü doğrultmasa, əvvəlki modelə qayıdılacaq və ya daha münasib bir təşkiletmə nəzərdə tutulacaq. Mən indi deyə bilmərəm ki, hansı metod daha münasib və effektiv olacaq, amma yollarda dəyişikliklərin edilməsi, bəzi yerlərdə operativ təşkiletmə üsulu mütləq lazımdır”.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar