"Kreml heç bir zaman bizə tam mənası ilə kompensasiya ödəməyəcək və klassik üslubda üzr istəməyəcək...”
“Adətən bir əməli qəsdən törətməyənlər üzr istəyər, vurduğu zərəri kompensasiya etməyə çalışar...”
Dekabrın 25-də AZAL-a məxsus mülki təyyarəmizin Rusiya səmasında vurulmasından bir il də ötdü. Təəssüf ki, Rusiya tərəfi, o cümlədən prezident Vladimir Putin faciə ilə bağlı sonuncu dəfə oktyabr ayında Düşənbədə verdiyi vədləri hələ də yerinə yetirməyib... Qazaxıstandan da, nəhayət, yarımçıq da olsa, bir hesabat gəldi. Görəsən, analitiklərin bu mövzuda gəldiyi son nəticələr nədən ibarətdir? Rusiyanın Azərbaycanın qoyduğu bütün tələbləri yerinə yetirəcəyinə ümid etmək əbəs deyilmi? Polşanın eks-prezidenti Lex Kaçinski və xanımı başda olmaqla bir sıra hökumət üzvləri və ziyalıların da olduğu təyyarənin vurulmasından sonrakı 15 ilin təcrübəsi göz qabağındadır...
Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı siyasi şərhçi
Heydər Oğuz Moderator.az-a açıqlamasında adətən bir əməli qəsdən törətməyənlərin üzr istədiyini, vurduğu zərəri kompensasiya etməyə çalışdığını bildirib:
“2024-cü ilin 25 dekabrında baş verən təyyarə təxribatı təsadüfən törədilməmişdi. Əksinə, bu hadisə Kremlin Azərbaycana və Türk dünyasına verdiyi bir mesaj idi. Ona görə də Kreml heç bir zaman bizə tam mənası ilə kompensasiya ödəməyəcək və klassik üslubda üzr istəməyəcək”.
Heydər Oğuzun fikrincə, Rusiyanın təyyarə insidenti ilə nəyə nail olmaq və bizə nə mesaj vermək istədiyini anlamaq üçün həmin tarixdə yaşayan bir sıra hadisələrə nəzər salmaq lazımdır:
“Məlumdur ki, 2024-cü il Türk dünyasının quruluş tarixində çox mühüm proseslərlə yadda qalıb. Həmin il Türk Dövlətləri Təşkilatı 38 sahə üzrə 180-dən çox tədbir keçirmişdir. Bu, günaşırı ayrı bir tədbir keçirmək deməkdir. Həmin tədbirlər əsasən iqtisadi inteqrasiya, müdafiə və təhlükəsizlik mövzularını əhatə etmişdir. Günaşırı keçirilən tədbirlərdən ən yadda qalanlarından biri iyulun əvvəllərində Şuşada keçirilən Türk dövlət başçılarının qeyri-rəsmi sammiti idi. Sammit qeyri-rəsmi status daşısa da, bu toplantılarda çox önəmli qərarlar alındı. Türk dövlətləri arasında rəqəmsallaşma və müdafiə sənayesində əməkdaşlıqlar, nəqliyyat xətlərinin açılması və s. mövzular müzakirə olundu. Üzərindən bir neçə ay keçəndən sonra 6 noyabrda Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının 11-ci zirvə toplantısı keçirildi. Toplantının adı belə, Moskva üçün çox şeylər deyirdi: “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik”... Təsadüfi deyil ki, Bişkek bu sammitdə Türk dünyasının dijital (rəqəmsal) paytaxtı seçildi. Xüsusilə “hamı üçün təhlükəsizlik” ideyası bu sammitlərin əsas məqsədini ortaya qoyurdu. Sanki bu mesaj verilirdi ki, istənilən ittifaq ölkəsinə qarşı edilmiş xarici təcavüzə Türk dünyası artıq bir yerdə dirənməyin yolları barədə düşünür. Sözsüz ki, bu mesajdan özünə ən çox pay çıxaranların başında Moskva gəlirdi...
Üzərindən bir ay keçəndən sonra Suriya hadisələri baş verdi. Bəşər Əsədə qarşı başlayan hərbi üsyan nəticəsində Rusiya və İran bu ölkədən çıxmaq məcburiyyətində qaldı, Suriya tamamilə Türkiyənin nəzarətinə keçdi. Böyük Britaniya və ABŞ kimi dünya dövlətləri Suriyadakı proseslərdə Türkiyənin rolunu rəsmən etiraf etdilər və onu dəstəklədiklərini açıqladılar. Azərbaycan təyyarəsinin Qroznı səması üzərində vurulması da bu hadisədən cəmi 15 gün sonra baş verdi və zənnimcə, bu zamanlama təsadüfi deyildi. Böyük ehtimalla, Rusiya həm də Suriyadakı məğlubiyyətinin qisasını bizdən alırdı”.
Suriyanın Rusiya üçün çox böyük strateji əhəmiyyət daşıdığını vurğulayan Heydər Oğuz bildirdi ki, bu ölkəni itirməklə Moskva əsas imperial hədəfi olan Aralıq dənizindən məhrum olur:
“Çünki onun Aralıq dənizində yeganə limanı Suriyada yerləşirdi – Tartus limanında. Tartus limanı Aralıq dənizini Qırmızı dənizə və Hind okeanına birləşdirən Suveyş kanalına çox yaxındır. Tartus limanında lövbər salan rus hərbi gəmiləri rahatlıqla Suveyş kanalını nəzarət altında tutur və dünya dəniz ticarətində Rusiyanın çəkisini artırırdı. Rusiya Aralıq dənizindəki mövqeyini yaxşılaşdırmaq üçün Sudanın Port-Sudan və Liviyanın Binqazi limanlarında da hərbi baza qurmaq istəyirdi. Bu hədəflərinə çatsaydı, Moskva Suveyş kanalına tamamilə hökm edə bilərdi. Amma 2019-cu ilin yayında “Vaqner” qoşunlarının Liviyanın paytaxtı Tripoliyə hücumları Türkiyə tərəfindən durdurulmuş və Ankara Rusiya üzərində böyük qələbə qazanmışdı. Bununla əslində Rusiyanın Liviyada hərbi baza qurmaq sevdası da puç olmuşdu...
Rusların Port-Sudanda hərbi baza qurmaq planları da təxminən eyni tarixdə 2019-cu ilin aprel ayında ölkə başçısı Ömər əl-Bəşirin devrilməsi ilə mübahisəli duruma düşmüşdü. Qeyd edim ki, Rusiyanın Port-Sudanda hərbi baza qurmaq planı 2017-ci ildə Ömər əl-Bəşirlə Putin arasında Soçidə imzalanmış müqavilədə öz əksini tapmışdı. Müqaviləyə əsasən Port-Sudanda Rusiya 300 əsgər və 4 hərbi gəmi saxlaya, Aralıq və Hind okeanında üzən gəmilərə logistik xidmətlər göstərə biləcəkdi. Bundan narahat olan Qərb dövlətləri Ömər əl-Bəşirə qarşı qüvvələrə hər cür dəstək verərək onu devirmişdilər. Onun yerinə keçən yeni hökumət isə Rusiya ilə bağlanmış həmin müqaviləni ləğv etdiyini açıqlamışdı. Rusiya da öz növbəsində Sudanda yaşanan iç savaşı dəstəkləmiş və bu yolla 2017-ci ildə qazandığı haqları geri qaytarmağa çalışırdı. Bu istəyinə hardasa nail də ola bilmişdi. Amma 2022-ci ildə Ukrayna savaşına girişməklə Kreml Sudandakı fəaliyyətini azaltmaq məcburiyyətində qalmışdı. Türkiyənin Montre Konvensiyasını əsas gətirərək Qara dənizi hərbi gəmilərə bağlaması ilə Rusiya Aralıq dənizindəki donanmasına logistik dəstək imkanlarını da itirdi. Nəticədə Port-Sudan hərbi bazasını da qura bilmədi. Faktiki olaraq Aralıq dənizində lövbər salmaq imkanı getdikcə tükənən Rusiya öz imperial potensialını da itirmək üzrədir...
Bu da azmış kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü ilin 13 dekabrında Sudanın Suverenlik Şurasının sədri general Əbdülfəttah əl-Burhan ilə telefon danışığı aparmış və Sudanla BƏƏ arasında gərginliyin azaldılması üçün vasitəçilik təklif etmişdir. Sudan tərəfi Türkiyənin vasitəçilik təklifini məmnuniyyətlə qarşılamış və prosesin başlanmasını dəstəkləmişdi. Bu hadisələr Türkiyənin regionda diplomatik təsirini artıra biləcəyini və eyni zamanda Afrikada etibarlı diplomatik aktor kimi mövqe qazandığını göstərirdi. Nəzərə alsaq ki, BƏƏ Rusiyanın Afrika siyasətinin ən yaxın müttəfiqi və sponsorudur, Ərdoğanın bu həmləsi həm də BƏƏ-ni Putinin əlindən alma cəhdi kimi qiymətləndirilə bilər. Və Putinin bu həmlələrə seyrçi qalması mümkün deyildi. Ərdoğanla Əbdülfəttah əl-Burhanın telefon danışığının 13 dekabr 2024-cü ildə baş tutması, üzərindən 12 gün keçdikdən sonra Azərbaycana aid mülki təyyarənin vurulması da təsadüfə oxşamır. Zənnimcə, Rusiyanın son zamanlar istər Cənubi Qafqazda, istər Ukraynada, istərsə də Qara dəniz və Aralıq dənizində türk hədəflərinə hücumları Türkiyənin bu addımlarına verdiyi cavabdır. Bu istiqamətdə ilk hücum isə 25 dekabr 2024-cü ildə Azərbaycanın mülki təyyarəsinə edilmişdir”.
Sual oluna bilər: elədirsə, Rusiya niyə birbaşa Türkiyəyə deyil, Azərbaycana hücum edir?
Heydər Oğuza görə, bunun iki səbəbi var:
“Əvvəla, açıq şəkildə Türkiyəyə hücum etməyə Rusiyanın cəsarəti çatmır. Çünki Türkiyə NATO ölkəsidir və Rusiyanın birbaşa əsl hədəfə hücumu alyansa edilmiş hücum kimi qiymətləndirilə bilər. Bu zaman isə NATO Nizamnaməsinin 5-ci maddəsi dövriyyəyə girər və Rusiya inanılmaz sürprizlərlə qarşılaşar.
Digər səbəb Azərbaycanın geoplolitik mövqeyi ilə bağlıdır. Belə ki, Azərbaycan Türk dünyasının tam ortasında yerləşir. Türkiyənin regionda həyata keçirdiyi yeni düzən quruculuğu projesi bütün yolların kəsişdiyi və körpü sayılan zəif həlqəyə hücumla daha asan durdurula bilər. Ən əsası isə, Türkiyə də Aralıq dənizində birbaşa Rusiyanın özünə deyil, onun maraqlarına zərbə endirir. Görünür, Putin də eyni məntiqlə Türkiyənin geo-siyasi maraq dairəsindəki tərəfdaşlarını hədəf seçir, beləcə daha böyük riskə getmədən Türk dünyasının qurulma prosesini dayandırmağa çalışır. Bu məkrli siyasətin qurbanı bizim məsum vətəndaşlarımız olur.
Maraqlı məqamlardan biri də təyyarəmizin vurulmasının Prezident İlham Əliyevin ad günü ərəfəsinə düşməsidir. Məlumdur ki, dekabrın 24-də Prezidentin ad günü idi. Bir gün sonra isə təyyarəmiz vuruldu. Sanki Putin bu qanlı “ad günü hədiyyəsi” ilə Azərbaycan liderinə Türkiyənin yanında dayanmağın ağır bədəli olacağını göstərmək istəyirdi”.