Şəhid olan generalımız haqda şok faktlar

  • 14 İyl 2020 17:37
  • 8073 Baxış
Şəhid olan generalımız haqda şok faktlar


Bu gün səhər saatlarında qəhrəmanlıqla şəhid olan general-mayor Polad Həşimov təkcə zabit kimi deyil, sadə vətəndaş kimi onu tanıyanların böyük sevgisini qazanıb.

Bu barədə şəhid generalı tanıyanlar sosial şəbəkədə qeyd ediblər.


Bildirilir ki, P.Həşimov hələ 4 il əvvəl Aprel döyüşlərində xüsusi şücaət göstərib və düşmənə ağır zərbələr endirib. Həmçinin o da qeyd olunur ki, Aprel savaşındakı qəhrəmanlığına görə dövlət tərəfindən ona verilmiş evi ehtiyacı olan bir şəhid ailəsinə bağışlayıb.

Dostları P.Həşimovun hələ leytenant ikən hər kəsdən fərqləndiyini, onda gələcəyin böyük zabitinin xüsusiyyətlərinin olduğunu deyiblər.

Şəhid generalımızın dostu, tanınmış jurnalist İlham Tumas yazır:

“Əziz qardaşım, Polad! Murovdan - sən leytenant olandan qorumaq istəyirdik səni. Bilirdik ki, böyük adamsan, qeyri-adi zabitsən. Sonradan az-az görüşsək də, kimdən səni soruşdum, dedi, Həşimovdan yoxdur! Əsgərlərin səni böyük qardaşları kimi sevirdilər, zabit yoldaşların sənin üçün canını verərdilər. Həmişə gizli qalmağı sevərdin, telefon işlətməzdin, biz də səni buna görə hərdən məzəmmət edərdik. Ancaq inan, biz də həmişə səni qorumaq, hamıdan gizli saxlamaq istəyirdik. Bu gün artıq səni gizli saxlaya bilmədik... İndi səni bütün Azərbaycan tanıdı və sevdi! Arzularına çatasan, həmişə salamat qalacaq general Həşimov!”

P.Həşimovun öz şəxsi vəsaiti hesabına cəbhədə postlar tikdiyini qeyd edənlər də var. O, sağ ikən adına post olan general idi.

Deyilənə görə, P.Həşimov Bakıya ona verilən xidməti maşınla gəlirmiş. Amma şəhərə çatdıqdan sonra avtomobili Nazirliyə təhvil verir, şəxsi işlərini həll etmək üçün ictimai nəqliyyatdan istifadə edirmiş.

Keçmiş əsgərləri də Polad Həşimovun əksər zabitlərdən fərqləndiyini, onun böyük vətənpərvər, xeyirxah insan olduğunu vurğulayıblar.

Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. Allah rəhmət eləsin... (Axar.az)


  • Kamale ceferova
    Allah rehmet elesin
  • Zeynalov Eli
    Qələbə bizimlə olsun inşallah

X