Ru
19:18 / 09 İyun 2020

Sənin dairən yox, qəfəsin var

6890

Şahbaz Xuduoğlu


Bir əlil ailəsinə yardım üçün mənə müraciət etmişdilər. Sosial yardım almaq istəyirdilər. Ata əlil, ana əlil, iki körpəri də əlil. Şansdan üçüncü uşaq – ən kiçiyi sağlam doğulmuş. Ümid sonda ölər, düz demişlər.

Dörd üzvü əlil olan ailə ötən illər ərzində sosial yardım almayıb, ümumiyyətlə, hansısa qurumda qeydiyyata belə düşməyiblər.

Həyat ağır olanda sənəd-sünəd də yük artırır.

Koronavirus dönəmində bu məzlum ailəni rəhmli insanlardan biri görür və onlara yardım etmək fikrinə düşür...

Ailə Yeni Günəşlidə daldanacaq tapıb, köhnə binanın qalıqları altında özlərinə yuva ediblər.

Rəhmli insanın təşəbbüsünə mən də qatıldım. İlk ağlıma gələn iş özümə yaxın bildiyim deputata zəng etmək oldu. Vəziyyəti ona izah etdim. Bir müddət sonra deputat geri döndü, "o şəxsin olduğu yer mənim ərazimə düşmür" dedi. Sonra daha təcrübəli başqa bir deputata zəng etdim, o da eyni cavabı verdi. Həm təzə, həm də köhnə deputatların "mənim dairəmə düşmür" deməsi mənə çox qəribə gəldi. Əcəba, Milli Məclisin üzvü olan şəxs niyə bələdiyyə üzvü kimi düşünməlidir? Mənim ərazim, mənim dairəm nə deməkdir?

Yasamal rayon ərazisində baş vermiş polis olayına münasibət bildirən deputat Erkin Qədirli də "mənim dairəm deyil" deyib.
Deputatın hüquqi adı - Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır. Parlamentə seçildiyi gündən o bu adı daşıyır və onun səlahiyyətləri Konstitusiya ilə müəyyən edilib.

Parlamentin məhdud səlahiyyəti göz qabağında, amma bu qədər də olmaz. "Mənim dairəm" — bu nə məntiqdir? Sənin toxunmazlığın ölkə boyudur, amma iş görəməyə gələndə mənim dairəm olur.

Molla Nəsrəddinin məşhur lətifəsini bilməmiş olmazsız. Oğrular çevrə çəkib Mollanı içinə salırlar, sonra evini yağmalayırlar. Arvadı mollanı danlayır ki, nə kişisən ki evini apardılar, sən də durmusan yerində. Molla deyir, dinmə arvad, onların atasını yandırmışam, ayağımı 3 dəfə xətdən bayra qoymuşam.

Əslində, həllini tapmayan iş yoxdur. O əlil ailəsinin işi həll oldu. Əvəzində mən o deputatları itirdim. "Mənim dairəm" deyən deputatın demək, heç bir dairəsi yoxdur. Onun dairəsi yox, qəfəsi var.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər