Son günlər ABŞ-nin hərbi əməliyyatları dayandırmasına rəğmən, İranın bunun əksini etməyə çalışdığı hiss olunur.
Belə ki, ötən gün İran tərəfi müharibə başlayandan bəri ABŞ bazalarına ən güclü zərbələrini endirib. Nətgicədə İordaniyada yerləşən ABŞ hərbi təyyarələri zədələnib.
Bundan başqa, İran rəsmilərinin hədələri daha da kəskinləşib. İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Ebrahim Əzizi Fars körfəzindəki xarici qüvvələri təhdid edərək, körfəzin təhlükəsizliyi və sabitliyinin İranın nəzarəti altında olduğunu bəyan edib.
O həmçinin, körfəzdə qalan xarici qüvvələrə avadanlıqların qalan hissəsini xilas edib, evlərinə getmələrini tövsiyyə edib.
Maraqlıdır, prosesdə müəyyən sakitlik yarandığı bir ərəfədə İran niyə yenidən gərginliyi artırmağa çalışır?
Politoloq
Qabil Hüseynli “Bakupost”a bildirib ki, Pekin və Moskva Yaxın Şərqdə müharibənin dayanmasında maraqlı deyillər:
“Ona görə də son vaxtlar Çin və Rusiyanın bu yöndə İranı ciddi şəkildə qızışdırdığının şahidi oluruq. Belədə, həmin xarici qüvvələr bölgədə müharibənin yenidən alovlanmasına çalışırlar. Hətta mətbuatda gedən məlumatlara görə, Çin İrana çirkli nüvə bombasının hazırlanmasında kömək edəcəyi vədini verib. Rusiya da bu istiqamətdə İrana müəyyən köməkliklər edə bilər. Rusiyanın İranın Buşehr şəhərində tikdiyi atom elektrik stansiyası da bu sarıdan müəyyən rol oynaya bilər. Hər halda bəzi dövlətlər regionda vəziyyəti yenidən gərginləşdirmək üçün müxtəlif manevrlərə əl atırlar”.
Rüfət Sultan,
BakuPost