Ru
14:48 / 29 Oktyabr 2026

Əbu-Dabi görüşü Ukrayna müharibəsində dönüm nöqtəsi ola bilərmi?

Əbu-Dabi görüşü Ukrayna müharibəsində dönüm nöqtəsi ola bilərmi?
Eye

Əbu-Dabidə Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatları müzakirə olunacaq.

"Bakupost" xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov bildirib.

Peskov təhlükəsizlik təminatlarının münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini və bunun hər iki tərəfin maraqlarına uyğun şəkildə görülməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar noyabrın 4-də Əbu-Dabidə keçiriləcək.

Politoloq Zərdüşt Əlizadə “Bakupost”a bildirib ki, ABŞ Prezidenti Donald Tramp Kiyevə təzyiq etməyə daha çox meyllidir:
“Tramp seçki ərəfəsi Rusiya-Ukrayna müharibəsini bir günə həll edəcəyini demişdi. İzah da etmişdi ki, buna tərəflərə təzyiq etməklə nail olacaq. Amma iki ildir ABŞ Prezidenti olsa da, təzyiqlərə rəğmən hələ də münaqişəni həll edə bilməyib. Rusiyaya təzyiq etmək mümkün deyil. Nəhəng dövlətdir, öz qazı, nefti, sənayesi var. Ukrayna isə Qərbdən asılıdır. Ona görə də Tramp qərara gəlib ki, münaqişəni bitirmək üçün zəif tərəfə, yəni Kiyevə təzyiq etsin”.

Ekspert qeyd edir ki, Ukraynanın Rusiya ilə bərabər səviyyədə mübarizə aparmaq resursları yoxdur:

“Azərbaycanda belə məsəl var: Özgə atına minən tez düşər. Ukraynaya müharibədə lazım olan resursları ona Amerika verirdi. Onun imtina etməsindən sonra bu rolu Avropa öz üzərinə götürdü. Hazırda Avropanın özünün iqtisadi vəziyyəti ağırdır. Qitə ölkələrində getdikcə daha çox insan vəsaitlərin Ukraynaya xərclənməsinə qarşı çıxır”.

Müsahibimizin fikrincə, Əbu-Dabidə Ukrayna tərəfi həm Rusiya, həm də ABŞ-nin təzyiqlərinə tuş gələcək:

“Rusiya yaranmış durumdan istifadə edib, mövqeyini daha da sərtləşdirir. Belə şəraitdə Əbu-Dabidə Trampın təklifilə üçtərəfli görüş keçiriləcək. Hansı ki, bu görüşdə ən zəif tərəf Ukraynadır. Rusiya və Amerika ona təzyiq göstərəcək. Zelenski isə bu təzyiqlərə çətin ki, tab gətirsin. Amma o, Rusiyanın təcavüzkar tələblərini qəbul etsə, Ukraynaya qayıdıb, Prezident kimi də qala bilməyəcək. Ukrayna hakim zümrəsinin xeyli günahı var. Vətən təhlükədədir, amma hakim zümrə pul oğurlayır və vətənin mənafeyinə biganə yanaşır. Belə şəraitdə Zelenskinin hörməti də aşağı düşür. Əhali daha orduya gedib, vuruşmaq istəmir. Onlar artıq məğlubiyyəti, ərazilərin bir hissəsinin itirilməsini qəbul etməyə hazırdır. Ona görə də Ukraynanın vəziyyəti çox ağırdır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar