İran daxilində Prezident Məsud Pezeşkianla SEPAH arasında ziddiyyətlər daha da güclənib. Pezeşkian BƏƏ-yə endirilən son zərbələrlə bağlı SEPAH-ın addımlarından kəskin narazılığını ifadə edib.
Bakupost.az xəbər verir ki, Pezeşkian SEPAH-ın bu addımını “tamamilə məsuliyyətsiz” adlandırıb.
O hətta bildirib ki, bu hücumlar ölkənin siyasi rəhbərliyinin xəbəri olmadan həyata keçirilib.
Pezeşkian SEPAH-dan Fars körfəzi ölkələrinə hücumları dərhal dayandırmağı tələb edib. Bu məqsədlə hətta ali rəhbər Müctəba Xameneyi ilə təcili görüş istəyib.
Görünən odur ki, İran daxilində islahatçılarla mühafizəkarlar arasında gərginlik pik həddə çatmaqdadır. Yaranmış vəziyyət böyük ehtimalla tərəflərdən birinin geri çəkilməsi və hətta istefa dalğalarının başlamasına qədər gedib çıxa bilər.
Siyasi şərhçi Turan Rzayev
Bakupost.az-a bildirib ki, Ali dini lider Əli Xameneinin vəfatından sonra İranda ciddi lider boşluğu yaranıb:
“Əslində onun sağlıq dövründə səhhətində yaranan problemlər də daxili ziddiyyətlərin qabaracağının siqnalı idi. Həmin vaxtdan etibarən SEPAH daxilində nüfuzlu şəxslər hakimiyyətə basqı etməyə, təzyiq göstərməyə və qərarvermədə söz sahibi olmağa başladılar. Əli Xameneinin vəfatından sonra SEPAH hakimiyyətə onun oğlunun gətirilməsinə nail oldu”.
Ekspert SEPAH-ın bu fonda çevriliş etdiyini düşünür:
“Bir növ SEPAH çevriliş edib. Nəticədə hazırda SEPAH İranda əsas qərar verən bir qüvvədir. Pezeşkian SEPAH-a yönəlik bu reaksiyasında haqlıdır. Atəşkəs rejimi hökm sürür. Amma SEPAH-ın BƏƏ-nə qarşı atdığı addımdan sonra İran ərazisində növbəti əməliyyatların başlanması məsələsi gündəmə gəlib və bu mümkündür”.
Həmsöhbətimizə görə, Pezeşkiana gəldikdə, hazırda o tam fəaliyyətsiz bir vəziyyətdədir:
“Onun ölkə əhəmiyyətli mühüm məsələlərə müdaxilə imkanı çox azdır. İranda onu ciddi qəbul edən qüvvələr yox dərəcəsindədir. Hətta orada yaşayan soydaşlarımız da Pezeşkian ətrafında sıx birləşə bilmirlər. Xaricdə də onu Azərbaycan və Türkiyədən başqa ciddiyə alan yoxdur”.
T. Rzayev hesab edir ki, mövcud vəziyyətdə Pezeşkianın istefası məsələsinin gündəmə gəlməsi ehtimalı böyükdür:
“Müharibə yenidən başlayarsa və bütün bunlara rəğmən onun qarşısını almaq üçün Pezeşkian heç nə edə bilməsə, onu dinləməsələr, istefası məsələsi gündəmə gələcək. Bu ehtimal yüksəkdir. O, mövcud durumda ən çox narahat olan fiqurdur”.
Rüfət Sultan, BakuPost