Yeni smartfon almaq əvəzinə, mövcud cihazın işini bərpa edərək istifadə müddətini uzatmaq mümkündür.
Bakupost.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “CNet” nəşri məlumat yayıb.
Nəşrin redaktoru Endrü Lankson 2026-cı ilin ortalarından etibarən smartfonların qiymətində artım müşahidə edildiyini bildirərək, yeni telefon almadan xərclərə qənaət etməyin yollarını açıqlayıb.
Mütəxəssisin tövsiyələri aşağıdakılardır:
Proqram təminatını yeniləyin: Smartfon üçün təqdim edilən bütün yenilənmələri quraşdırmaq cihazın işini optimallaşdırır və təhlükəsizliyi təmin edir. Həmçinin tətbiqlərin avtomatik yenilənməsini aktivləşdirmək tövsiyə olunur.
Fiziki qorunmaya diqqət edin: Cihazı zədələnmədən qorumaq üçün keyfiyyətli çexol və ekran qoruyucularından istifadə edin. Həmçinin enerji portunu mütəmadi olaraq təmizləmək vacibdir.
Batareyanı dəyişin: Əgər telefonun enerji saxlama müddəti azalıbsa, yeni cihaz almaq əvəzinə batareyanı yeniləmək daha səmərəli və ucuz çıxış yoludur.
Yaddaşı boşaldın: Lazımsız tətbiqləri və köhnə fotoşəkilləri silməklə cihazın yaddaşını boşaltmaq iş sürətini artıra bilər.
Qeyd edək ki, bir müddət əvvəl “XDA” mütəxəssisləri kompüterlərdəki SSD yaddaş qurğularının xidmət müddətini uzatmaq üçün “TRIM” funksiyasının aktivləşdirilməsini və mütəmadi diaqnostikanın aparılmasını məsləhət görmüşdülər.