Şuşa Otel-Konqres Mərkəzi Kompleksi müqavilə əsasında idarəetməyə verilib.
Bakupost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuşa şəhərində yerləşən və İqtisadiyyat Nazirliyinin balansında olan Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin müqavilə əsasında idarəetməyə verilməsi barədə Nazirlər Kabinetinin təklifi qəbul edilib.
Nazirlər Kabinetinə Azərbaycan Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin idarəetməyə verilməsi ilə bağlı müqavilənin İqtisadiyyat Nazirliyi tərəfindən bağlanılmasını iki ay müddətində təmin etmək, Sərəncamda nəzərdə tutulmuş müqavilə bağlanıldıqdan sonra onu təsdiq etmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
İqtisadiyyat Nazirliyinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək həvalə edilib.