Ru
14:49 / 15 Sentyabr 2023

Taksi xidmətində yeni qaydalar: bəs, keyfiyyət artacaqmı? - Açıqlama

Taksi xidmətində yeni qaydalar: bəs, keyfiyyət artacaqmı? - Açıqlama
Eye

Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər qüvvəyə minəcək. Dəyişikliklərə əsasən, taksi xidmətində bir sıra yeniliklər olacaq. Qanuna görə, sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunacaq, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılacaq və ya o, ləğv ediləcək.

Dəyişikliklərə görə, taksi sifarişi operatorunun fəaliyyətinə icazə verilməsi üçün 3 min manat rüsum ödənilməlidir. Bundan əlavə, taksi ilə sərnişindaşımaları üçün buraxılış vəsiqəsi (125 manat) və buraxılış kartı (25 manat) alınmalıdır. Taksilərə rəqəmsal taxoqraf və taksometr cihazları quraşdırılmalıdır. Sürücülər etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.




Mövzu ilə bağlı Bakupost.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, oktyabrın 1-dən qüvvəyə minəcək qaydalar taksi sahəsində xidmətin keyfiyyətini artırmağa yönəlmiş qərardır. Ancaq demək olmaz ki, ayın 1-i qərar qəbul olunacaq, 5-i hər şey qaydasına düşəcək. Bu məsələlər zamanla həll oluna bilər:

“Hazırda 76 min taksi sürücüsü var. Onlarla işləmək göründüyü kimi, asan məsələ deyil. Onların hamısı eyni düşünmür, proseslərə eyni cür yanaşmır. Birinə qayda-qanunu izah edirsən, hər şeyi başa düşür, o biri başa düşmür. İşin yaxşı tərəfi odur ki, başa düşən adamlar çoxdur. Bu sahədə dövlət nəzarəti güclənir, qaydalar tətbiq olunur. İndiyə qədər boşluqlar var idi. Taksi operatorlarına xüsusilə pandemiya dövrünün təsiri nəticəsində daha böyük imkanlar açıldı, onlarsa xaos yaratdılar. Məqsəd keyfiyəti artırmaq, sürücülərin iş və istirahət rejiminə əməl etməkdir”.




İqtisadçı ekspert Rə­şad Həsənov bildirib ki, indiki şərtlər daxilində birdən-birə sərt qaydaların tətbiqi imkanları məhduddur:

“Azərbaycanda insanlara kütləvi şəkildə taksi xidməti təklif ediblər və buna ciddi nəzarəti təmin edən hər hansı mexanizm yoxdur. Bu da qeyri-qanuni münasibətlərin formalaşmasına gətirib çıxara bilər. Yəni, hansısa idarəedici qurum bundan bir alət kimi istifadə edərək qeyri-qanuni sövdələşmələrə yol aça bilər. Belə olan halda, gözlənilən müsbət nəticədən daha çox mənfi fəsadlar ortaya çıxa bilər”.

Sevinc
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar