“Tamstore” marketlər şəbəkəsində istifadə müddəti bitmiş kolbasa məhsullarının satışa çıxarıldığı bildirilir.
Bakupost.az xəbər verir ki, bu barədə alıcılardan biri sosial şəbəkədə video paylaşıb.
Görüntülərdə alıcı hədiyyə formasında qablaşdırılmış “Çerkiz” kolbasalarını göstərərək bildirir ki, məhsulun istehsal tarixi fevralın 7-si, üzərində qeyd olunan istifadə müddəti isə 60 gündür. Bu hesablamaya görə, məhsulun yararlılıq müddəti aprelin 7-də başa çatır. Lakin üstündən 1 həftə keçməsinə baxmayaraq, həmin kolbasalar vitrindən yığışdırılmayıb.
Paylaşımın şərh bölməsində digər istifadəçilər də sözügedən marketdə tez-tez oxşar hallarla qarşılaşdıqlarını iddia ediblər. Bəzi şəxslər isə vaxtı keçmiş məhsulların vitrində qalmasını işçi çatışmazlığı ilə əlaqələndiriblər.
"Tamstore" marketlər şəbəkəsindən bildirilib ki, məsələ araşdırılır.
Məsələ ilə bağlı tərəfimizdən Qida Təhlükəsizliyi Agentliyinə də sorğu göndərilib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov
Bakupost.az-a bildirib ki, bu tip videoların anonim olması bəzən onların böhtan xarakteri daşımasından irəli gəlir:
“Adətən belə videolarda çəkilişi edən şəxsin adı, telefonu və hansı mağazada olduğu göstərilmədikdə, onların anonim xarakter daşıdığı və böhtan məqsədilə yayıldığı ehtimalı yaranır. Lakin bu görüntülər reallığı əks etdirir, çünki şəxs sərbəst şəkildə danışır.
“Yeyinti məhsulları haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlara görə və Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, yararlılıq müddəti bitmiş ərzaq məhsullarının satışı qadağandır. Əgər bu barədə dövlət orqanlarına məlumat verilərsə, həmin mazğazanı minimum 1500 manat cərimə gözləyir. Qanunvericiliyə görə, məhsul yalnız son yararlılıq gününə qədər satıla bilər”.
E.Hüseynov qeyd edib ki, bu məsələdə xüsusi proqramlardan istifadə olunmalıdır:
“Bu proqramlar marketlərin kompüterlərinə yüklənir və məhsulun yararlılıq müddəti bitdikdə, o, sadəcə skanerdən keçmir, yəni satışı mümkün olmur. Həmin sistem Qida Təhlükəsizliyi Agentliyinin serverlərinə də inteqrasiya edilir və qurum hansı marketdə hansı məhsulun nə vaxt yararlılıq müddətinin bitəcəyini izləyə bilir.
Təəssüf ki, Azad İstehlakçılar Birliyi illərdir bunu desə də, Azərbaycanda belə proqram mövcud olsa da, hələ də tətbiq olunmayıb. Bunun səbəblərindən biri də vətəndaşların kifayət qədər fəal olmamasıdır. Məsələn, bu videonu çəkən şəxs müvafiq dövlət orqanlarına da məlumat verə bilərdi”.
Lalə, BakuPost