Ru
16:31 / 29 Yanvar 2026

Tanış qab, naməlum zəhər: Marketlər saxta şampunlarla doldurulub – VİDEO

Tanış qab, naməlum zəhər: Marketlər saxta şampunlarla doldurulub – VİDEO
Eye

Sosial şəbəkələrdə məşhur “Head & Shoulders” markasına məxsus şampun qablarının saxta şəkildə doldurulmasına dair görüntülər yayılıb.

Bakupost.az xəbər verir ki, videolarda üzərində tanınmış brendin adı olan qabların içinə mənşəyi naməlum mayenin doldurulduğu açıq şəkildə görünür.

Sözügedən görüntülər cəmiyyətdə ciddi narahatlıq yaradıb və geniş müzakirələrə səbəb olub.

Bir çox sosial şəbəkə istifadəçisi son vaxtlar saç tökülməsi, baş dərisində yaranan yaralar, kəpək və digər problemləri məhz bu cür saxta şampunlarla əlaqələndirdiklərini bildiriblər.

Saxta şampunlar saç və dəri üçün nə qədər təhlükəlidir?

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında həkim-dermatoloq Bəxtiyar Paşayev bildirib ki, saxta yollarla istehsal olunan şampunların tərkibi ciddi təhlükə mənbəyidir:

“Bu məhsullar hazırlanarkən heç bir standartlara əməl olunmur. Çox vaxt pH səviyyəsi normadan xeyli aşağı olur, yəni turş mühitə yaxınlaşır. Nəticədə dərinin təbii pH balansı pozulur, hətta belə hallarda kimyəvi yanıq baş verə bilər”.

Dermatoloqun sözlərinə görə, bu cür məhsullarda qoruyucu maddələrdən istifadə edilmədiyi üçün bakteriya və göbələklərin inkişaf ehtimalı da yüksək olur:

“Uzun müddət istifadə zamanı dəridə kəpək yaranır, sızanaqlar əmələ gəlir, baş dərisi iltihablanır”.

B.Paşayev vurğulayıb ki, saxta şampunlar saçın strukturuna da ciddi zərər vurur:

“Saç keratin zülalından ibarətdir. Bu kimyəvi maddələr keratini denaturasiyaya uğradır. Nəticədə saç cansızlaşır, qırılır, parlaqlığını itirir və mexaniki cəhətdən zədələnir”.

“Saxta şampunların əsas istehsal məkanlarından biri Sumqayıtdır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, əvvəlki illərdə şampunlarla bağlı şikayətlər daha çox olub:


“Saxta şampunların və ümumilikdə kimyəvi maddələrin istehsal olunduğu əsas yerlərdən biri Sumqayıt şəhəridir. Burada müxtəlif yuyucu tozlar, şampunlar hazırlanır. Bu məhsullar illərdir bazardadır, sadəcə son vaxtlar nisbətən azalıb”.

E.Hüseynov iddia edib ki, natural şampun biznesi ilə məşğul olan bəzi istehsalçılar da bazarın qorunması üçün ciddi addımlar atmır:

“Təəssüf ki, bu sahədə fəaliyyət demək olar ki, yoxdur. Bəzən elə təəssürat yaranır ki, bazardakı bu vəziyyətdə onların da dolayısı ilə marağı var”.

“Uşaq şampunu göz yandırırsa, deməli saxtadır”

Birlik sədrinin sözlərinə görə, onlara daha çox uşaqlar üçün nəzərdə tutulmuş şampunlarla bağlı müraciətlər daxil olur:

“Valideynlər deyir ki, uşağı çimizdirərkən daim ağlayırdı. Düşünürdülər ki, uşaq şampunudur, göz yandırmaz. Amma sonradan özləri istifadə edəndə görüblər ki, şampun gözü yandırır. Deməli, məhsul saxtadır”.

E.Hüseynov qeyd edib ki, saxta şampunlar və parfumeriya məhsulları əsasən Sədərək Ticarət Mərkəzində satılır:

“Elə şampunlar var ki, yağ kimi yapışır və nə qədər yuyulsa da, təmizlənmir. Şübhəli məhsullarla rastlaşan vətəndaşlara tövsiyə edirəm ki, (012) 599 76 00 nömrəsi vasitəsilə Prezident yanında Antiinhisar və Bazar Nəzarəti Dövlət Agentliyinə məlumat versinlər”.

Lalə Novruz,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar