Bakı elə bir şəhərdir ki, onun nəqliyyatı da başdan-başa fəlsəfədir; bu fəlsəfəni anlamayan, bu mürəkkəb həyati məsələni dərk etmək iqtidarında olmayan insan və ya qurum Bakıda nəqliyyat sıxlığını aradan qaldıra bilməz.
2007-2018-ci illərdə - bir dəfə qlobal (2008), bir dəfə də manat böhranı (2015) yaşadıq, ancaq ictimai nəqliyyatda qiymətlər artmadı.
Yalnız 2018-ci ilin 30 iyulunda Tarif Şurası gediş haqqını 20 qəpikdən 30 qəpiyə qaldırdı.
Yeni qiymətlər bir də 5 ildən sonra oldu - yenə Tarif Şurası məsələyə baxdı və 31 yanvar 2023-cü ildə qiyməti 40 qəpiyə qaldırdı.
Həmin ildən prosesi şəxsən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, neyləyib, əlinə alıb, mükəmməlcəsinə işlər görür.
2023-cü ildən nazirlik bütün gücü, var qüvvəsini taksilərin qiymətini artırmağa qoydu. Məqsəd yalnız birdir - insanları taksi xidmətindən uzaqlaşdırıb, ictimai nəqliyyata yönəltmək və Bakıdakı sıxlığı aradan qaldırmaq.
Taksiləri qismən bahalaşdırmağa uzun zəhmətdən sonra nail olan RİNN avtobus zolaqlarının da sayını artırdı, hara gəldi, harda oldu, zolaqlayıb, “bus” yazmaqla böyük ictimai-siyasi-fəlsəfi baxışını ortaya qoydu. Nəticədə, belə görünür ki, ictimai nəqliyyata axın baş verdi.
Bu zaman RİNN dərhal, 2024-cü il iyul ayının 1-dən ictimai nəqliyyatı 50 qəpiyə qaldırdı.
Bu qalxınmadan sonra insanların - deyəsən, yəni belə təxmin olunur, ehtimal edirik - taksilərə dönüşü prosesi gedib. Buna görə də RİNN yenidən taksi qiymətlərini artırmağa girişdi, olmadı, hava limanından şəhərə gəliş qiymətinin 4 dəfə artırılmasına şərəflə, vicdanla, dürüstcəsinə nail oldu.
Bu, çox ideal bir fəlsəfi baxışdır: baxın, hazırda aeroporta köhnə qiymətlərlə gedə bilərsən, ancaq o qiymətə qayıda bilməzsən - ən azı dörd dəfə artıq qiymət ödəməlisən. Yəni Bakıdan ucuza rədd ola bilərsən, ancaq qələt edib, başını daşa döyüb qayıtmaq istəyirsənsə, elə aeroportdanca başla dördqat ödəməyə!
Bax, bu ideal fəlsəfi yanaşma ilə təzəlikcə insanların ictimai nəqliyyata dönüş ehtimalı ortaya çıxırdı ki, RİNN dərhal ictimai nəqliyyatı da 60 qəpiyə qaldırdı.
Amma bu rəqəmin az olduğunu əlbəttə ki, RİNN çox dəqiq bilir və onu da gözəl anlayır ki, ictimai nəqliyyat 2 manat olmalıdır!
2 manatlıq gediş haqqını isə birdən tətbiq etmək olmaz - ona görə ki, insanlar taksilərə yönələ bilər.
Yəni artıq növbəti addım yenidən taksilərdir - taksi qiymətləri artırılmalıdır ki, yenidən ictimai nəqliyyatda qiymət artımına getmək münasib olsun.
Yəni RİNN yaranma, mövcudluq zərurətini icra edir: bu nazirliyin məqsədi, məramı taksi və ictimai nəqliyyatın qiymət artımını ardıcıl və sistemli həyata keçirmək fəlsəfəsini tətbiq etməkdir.
Çox inanıram ki, ən qısa müddətdə RİNN bu dövri tsikli qaçılmaz təbii hadisəyə çevirəcək və artıq ildə yox, fəsildə bir dəfə yeni tənzimləmə görəcəyik: taksi qalxacaq, sonra marşrut, sonra taksi, sonra marşrut...
Yəni sərnişinlər hazırda təcrübə dovşanıdırlar - gah taksiyə qovulurlar, gah ictimai nəqliyyata!
Bu qovhaqovun nə qədər davam edəcəyini yaınız Rəşad Nəbiyev bilir - filosof odur axı...