İndi oxudum ki, Tibb Universitetində Tibb ixtisasının illik təhsil haqqı 2000 manat artırılıb. Yəni təhsil haqqı 6500 manat olub. Səmimiyyətimə inanın, Gərayın, Teymurun, Vüqarın əziz canı üçün (mən humanist adamam, onların ölmüşünə demirəm) indiki keyfiyyətdə olan tibb təhsilinin haqqı 1000 manatdan çox ola bilməz…
Bakupost.az xəbər verir ki, bunu sabiq deputat Etibar Əliyev sosial şəbəkə hesabında yazıb.
O, Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqlarının artırılmasını tənqid edib:
"Bu addım kasıb istedadlı gənclərə qənim kəsilməkdir. Onları təhsil hüququndan məhrum etmək və banklara təslim etməkdir. Əkələr, gedin klinikalardan qazandığınız milyonlardan müəllimə əmək haqqı verin. Kasıbı borca salmayın…Orta məktəblərdə təhsil olmadığına görə kasıb təbəqə onsuz da borc xərc edib əlində olanı repetitora xərcləyib”,- paylaşımda yazılıb.
Qeyd edək ki, 2025–2026-cı tədris ili üçün Azərbaycan Tibb Universitetinin ixtisaslarının təhsil haqqı artırılıb. Tibb ixtisası üçün 6500 manat, stomatologiya ixtisası üçün 6000 manat , əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5000 manat müəyyənləşib.