“Tramp administrasiyası sülh gündəliyimizə böyük sədaqət nümayiş etdirib. Təqdir edilməli olan şey Trampın dərhal qarşılıqlı münasibəti və tam iştirakıdır”.
Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The Washington Post”a deyib.
Dövlət rəsmisi təəssüflə qeyd edib ki, Azərbaycan Bayden və Blinken administrasiyası ilə çoxlu anlaşılmazlıq yaşadı və onlar münasibətlərə xeyli ziyan vurdular.
H.Hacıyev əlavə edib ki, Donald Trampın birinci səlahiyyət müddəti ərzində administrasiya Xəzər qazının Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Avropa bazarına çatdırılmasında mühüm rol oynayıb.
Nəşrin məqaləsində bildirilib ki, Azərbaycan neft məhsullarının ixracı və Ermənistan bazarlarına taxıl daşınmasını asanlaşdırmaqla Ermənistanla iqtisadi qarşılıqlı asılılığı gücləndirir.
“Bu, simvolik görünə bilər, amma simvolizmlə yanaşı, həqiqətən də vacib geosiyasi mənalar da var. Biz təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə sülh bağlayırıq” – Hikmət Hacıyev məsələyə münasibət bildirib.
Prezident köməkçisi onu da bildirib ki, əsrlər boyu müsəlman icmaları ilə yanaşı, yaşayan yəhudi icmalarımız, xristian icmalarımız da var:
“Bu, bizim ənənəmizdir, kimliyimizdir. Sülh gündəliyimiz üçün daha güclü qətiyyətimiz var və Tramp administrasiyasının tam dəstəyinə sahibik”.