Ru
17:51 / 06 Aprel 2026

Tələbələrin nəzərinə: Universitetlərdə dərslər bu cür keçilə bilər

Tələbələrin nəzərinə: Universitetlərdə dərslər bu cür keçilə bilər
Eye

Xarici ölkələrin bir çox universitetlərində tətbiq olunan tədris modelində bəzi fənlərin bütün tələbələr üçün ümumi şəkildə təşkili geniş yayılıb. Bu modelə əsasən, cədvəldə göstərilən dərsə eyni vaxtda çoxsaylı tələbə qatılır və dərs vahid formada keçirilir. Bəs, bu yanaşmanın Azərbaycan universitetlərində tətbiqi nə dərəcədə realdır?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev ali təhsil müəssisələrində tədris sistemində müəyyən dəyişikliklərə ehtiyac olduğunu bildirib.

“Ümumiyyətlə, universitetlərdə bəzi tədris modellərinə yenidən baxılmalıdır. Dərs cədvəlləri və keçirilən fənlər daha effektiv şəkildə tənzimlənməlidir. Elə fənlər var ki, tələbənin ixtisasına birbaşa aid deyil və bu da əlavə yük yaradır. Tələbə həm həmin dərslərə hazırlaşmalı, həm də imtahan verməlidir ki, bu da vaxt itkisinə və motivasiya azalmasına səbəb olur. Kadr hazırlığı ali təhsil müəssisələrindən başlayır. Lakin bu gün cəmiyyətə nə dərəcədə keyfiyyətli kadr təqdim edildiyi sual altındadır. Beynəlxalq təcrübə ilə müqayisədə Azərbaycan universitetlərinin bu sahədə fəaliyyəti yetərli səviyyədə deyil.

Məsələn, mühəndislik ixtisasları üzrə təhsil alan tələbələr üçün müasir laboratoriyalar və praktik imkanlar vacibdir. Hətta bəzi hallarda universitetlərin öz istehsal və ya təcrübə bazaları olmalıdır ki, tələbələr biliklərini praktikada tətbiq edə bilsinlər. Təəssüf ki, bu imkanlar bütün universitetlərdə mövcud deyil.

Hesab edirəm ki, qeyri-ixtisas fənlərinin sayı azaldılmalı, bəzi hallarda isə tamamilə çıxarılmalıdır. Mühəndis ixtisası üzrə təhsil alan tələbəyə tibbi və ya ona uyğun olmayan digər sahələr üzrə dərslərin keçirilməsi məqsədəuyğun deyil. Eyni zamanda, bu fənlər üzrə imtahanların keçirilməsi də əlavə yük yaradır.

Əsas diqqət ixtisas fənlərinə və praktik bacarıqların inkişafına yönəldilməlidir. Mövcud vəziyyətdə bəzi universitetləri istisna etsək, ümumilikdə kadr hazırlığı arzuolunan səviyyədə deyil və bu istiqamətdə ciddi islahatlara ehtiyac var”.

Ekspertin fikrincə, xarici təcrübədə tətbiq olunan ümumi dərs modelinin Azərbaycanda tətbiqi mümkündür, lakin bunun üçün əvvəlcə tədris proqramları optimallaşdırılmalı, universitetlərin maddi-texniki bazası gücləndirilməli və təhsil sistemi müasir tələblərə uyğunlaşdırılmalıdır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar