Məktəblərdə mobil telefonlardan istifadəyə dair yeni qayda qüvvəyə minib.
Elm və təhsil naziri Emin Əmrullayevin təsdiqlədiyi qaydalara əsasən, dərs zamanı şagirdlərin mobil telefon, planşet və ağıllı saatlardan istifadəsi qadağan edilib.
Cihazlar dərs müddətində söndürülmüş və ya səssiz rejimdə xüsusi qutularda və ya şkaflarda saxlanılacaq. Yalnız müəllimin icazəsi ilə tədris məqsədilə və ya fövqəladə hallarda onlardan istifadə mümkün olacaq. Qaydalara əməl etməyən şagirdlərə qarşı intizam tədbirləri görüləcək.
Məsələ ilə bağlı
Bakupost.az-a danışan təhsil eksperti Vüsət Əzizov bildirib ki, yeni qaydanın həm müsbət, həm də mənfi tərəfləri var və onun effektivliyi tətbiq mexanizmindən asılı olacaq:
“Müsbət tərəflərdən biri dərs zamanı şagirdlərin diqqətinin yayınmasının azalmasıdır. Araşdırmalar göstərir ki, telefondan istifadə zamanı gələn bildirişlər, hətta cihaz istifadə olunmasa belə, masanın üzərində olduqda belə şagirdlərin diqqətini azaldır. Eyni zamanda, müəllimin sinfi idarə etməsi də asanlaşır.
Biz müşahidə edirdik ki, şagirdlər dərs zamanı və ya tənəffüsdə mobil telefondan istifadə edərək sosial şəbəkələrdə canlı yayımlar açır, oyunlar oynayır və ya gizli çəkilişlər aparırdılar. Təbii ki, bu problemlər də azalacaq. Bundan başqa, şagirdlərin mobil telefondan daha az istifadə etməsi onların bir-biri ilə daha çox ünsiyyət qurmasına şərait yaradacaq ki, bu da sosiallaşma baxımından mühüm əhəmiyyət daşıyır”.
Mənfi tərəflərə gəlincə, ekspert bildirib ki, şagirdlərin dərs zamanı testlərdən və elektron lüğətlərdən istifadə imkanları məhdudlaşacaq:
“Təbii ki, məktəblərin əksəriyyətində artıq kompüterlərdən istifadə olunur. Amma bütün məktəblərdə bu imkan olmadığından bunu mənfi tərəf kimi qiymətləndirmək olar. Digər tərəfdən, bəzi valideynlər övladları ilə mütəmadi əlaqə saxlaya bilmədiklərini bildirirlər. Lakin düşünürəm ki, onlar məktəb vasitəsilə də övladları ilə əlaqə yarada bilərlər”.
V. Əzizov əlavə edib ki, dünya təcrübəsində bu məsələyə vahid yanaşma yoxdur:
“Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə baxsaq, məsələn, Fransada məktəblərin böyük hissəsində mobil telefondan istifadə məhdudlaşdırılıb. İtaliyada son dövrlər bu qadağalar daha da sərtləşdirilib. Niderlandda isə məktəblərdə telefonlardan istifadə ümumiyyətlə qadağandır. Bununla belə, tibbi və ya tədris məqsədilə müəyyən istisnalar mövcuddur.
Dünyanın ən inkişaf etmiş təhsil modellərindən biri hesab olunan Finlandiyada isə müəllimin nəzarəti altında mobil telefondan dərs zamanı istifadə edilə bilər. Burada əsas məsələ telefonun tam qadağan olunması deyil, onun nəzarətli və məqsədyönlü şəkildə istifadəsidir.
Azərbaycanda tətbiq olunan modeli dünya təcrübəsi ilə müqayisə etdikdə tam qadağa deyil, məhdudlaşdırılmış istifadə modeli görürük. Çünki qaydalarda müəllimin icazəsi ilə, tədris məqsədilə və ya fövqəladə hallarda mobil telefondan istifadəyə icazə verilir. Həmçinin məktəbə telefon gətirilməsi qadağan edilmir. Sadəcə, cihazlar bunun üçün ayrılmış xüsusi yerlərdə saxlanılacaq. Müasir təhsil sistemində ən balanslı yanaşma da məhz telefonun tam qadağan edilməsi deyil, müəllimin nəzarəti altında məqsədyönlü istifadəsidir”.
Təhsil eksperti İlham Əhmədov isə hesab edir ki, bu qərarın müsbət tərəfləri daha çox olacaq:
“Telefon artıq uşaqların psixologiyasına mənfi təsir göstərir, məktəbdə isə onların diqqətini yayındırır. Bir çox ölkələrdə də buna görə oxşar qərarlar qəbul olunub. Çünki uşaqlar bu məsələdə hələ ölçünü bilmirlər. Rəqəmsal inkişafdan geri qalmaları isə real deyil. Çünki evdə telefon yenə də onların sərəncamında olacaq. Mən diqqət etmişəm ki, telefondan təhsil məqsədilə istifadə edənlərin sayı çox azdır. Əksəriyyəti onu əyləncə vasitəsi kimi istifadə edir”.
Lalə,
BakuPost
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.