Ukrayna ilə apardığı müharibə səbəbindən çətin vəziyyətə düşən Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətdə daha üç ildən artıq qala bilməyəcəyi ehtimal olunur.
Bu fonda hakimiyyət dəyişikliyi ilə bağlı müxtəlif ssenarilər də irəli sürülür.
Dünya mediası Putinə qarşı sui-qəsddən tutmuş məhkəmə prosesinədək müxtəlif ssenarilərdən yazır. Buna səbəb kimi Ukraynanın yeni hücumları, Rusiya daxilində iğtişaşlar və Çinin Moskvaya dəstəyini dayandırması göstərilir.
Politoloq Zərdüşt Əlizadə
"Bakupost"-a bildirib ki, Putinin səhhətində müəyyən problemlər yaşanır:
“Putinin hazırda 70 yaşı var. Səhhətində müəyyən risklər mövcuddur. Cangüdənləri hər dəfə onun arxasınca çamadan gəzdirirlər. Yəni Putin artıq tam sağlam deyil. İdmanla məşğul olur, fiziki cəhətdən möhkəmdir. Amma sağlamlığında müəyyən problemlər yaranıb.”
Ekspertin fikrincə, Putinin hakim elita daxilində də mövqeyi zəifləyib:
“Digər tərəfdən, Ukrayna müharibəsi hakim zümrə daxilində Putinin mövqeyini xeyli sarsıdıb. Onun siyasəti Rusiyanı dünya iqtisadiyyatından təcrid edib. Belə şəraitdə qapalı qapılar arxasında Putindən narazılıq artır. Lakin onlar qorxur və çəkinirlər. Çünki ölkədə hərbi-polisiya sistemi formalaşdırılıb.
Rusiyada böhranın təzahürləri günü-gündən daha da güclənir. İqtisadiyyat, idarəetmə və demoqrafik proseslər baxımından ölkə dərin böhran yaşayır. Rusiyada etnik rusların xüsusi çəkisi azalır, əhalinin sayı isə digər xalqlar və miqrantlar hesabına müəyyən həddə saxlanılır. Amma onlar artıq rus mədəniyyətinin daşıyıcıları deyillər. Beləliklə, Putin öhdəsindən gələ bilmədiyi böyük təlatümlər qarşısında aciz qalıb. Ona görə də hakim elita ondan narazıdır.”
Müsahibimizin sözlərinə görə, Putin hakimiyyətdən getsə və yerinə başqa biri gəlsə belə, Rusiya islahatlara getməyənədək və köklü dəyişikliklər etməyənədək ölkə böhran içində qalmaqda davam edəcək.
Rüfət Sultan, BakuPost