TIME jurnalı 2025-ci il üçün “İlin Adamı” seçimində texnologiya sahəsində qlobal təsir yaradan liderlər qrupunu – “Süni intellekt memarları”nı (The Architects of AI) ilin ən təsirli fiqurları elan edib.
Bakupost.az xəbər verir ki, jurnal bu il fərdi şəxsi deyil, süni intellekt dövrünü formalaşdıran aparıcı isimləri bir arada seçməklə diqqət çəkib.
TIME redaksiyası bildirib ki, 2025-ci il süni intellektin həyatın bütün sahələrinə nüfuz etdiyi, iqtisadiyyat, sənaye, media, təhlükəsizlik və gündəlik vərdişləri dəyişdirdiyi bir dövr kimi yadda qalıb. Seçim texnologiyanın gələcək nəsillər üçün yaratdığı imkanları və eyni zamanda meydana çıxan riskləri əks etdirir.
“İlin Adamı” siyahısına texnologiya sektorunun aparıcı fiqurları daxil edilib. Onların arasında “Meta” rəhbəri Mark Zukerberq, “Nvidia” baş direktoru Censen Huanq, “OpenAI” rəhbəri Sam Altman, “xAI” təsisçisi Elon Mask, “DeepMind” rəhbəri Demis Hassabis, “AMD” rəhbəri Liza Su, “Anthropic” baş direktoru Dario Amodei və tanınmış tədqiqatçı Fei-Fei Li yer alır.
Jurnalın baş redaktoru qeyd edib ki, bu şəxslər “düşünən maşınlar dövrünün” əsas qurucularıdır və onların fəaliyyəti qlobal nizamın gələcək konturlarını müəyyən edir. Redaksiya seçimi Süni intellekt sahəsinin mübahisələr doğuran, lakin geri dönüşü olmayan bir mərhələyə qədəm qoyduğunu göstərən simvolik addım kimi təqdim edib.
“Time” ötən il də ABŞ Prezidenti Donald Trampı “İlin adamı” seçmişdi.