Ru
10:41 / 03 Dekabr 2019

“Toyda 100 tümən verdi ki, itimi təriflə...” – “Aşıq sənəti məhv olur” – MÜSAHİBƏ

4230

2700 iL BUNDAN ƏVVƏL YUNANLARIN MUĞAMI VARDI

İndi güneydə sazI dinləməyə türklərdən çox farslar gəlir...

CƏNUBİ AZƏRBAYCANIN MƏŞHUR AŞIĞI ÇİNGİZ MEHDİPURLA İKİNCİ SÖHBƏTİMİZ
Əvvəlİ burda:

- Dünyanı boş verin. Hələ birinci özümüz qəbul edək, anlayaq, dərk edək, sonra da başqalarının bizi tanıması, başa düşməsi barəsində fikirləşək. Nəsimini burda anlamayanlar, Nəsiminin qəzəllərini ingilis, rus dillərinə tərcümə edib kənar xalqlara anlatmaq istəyirlər. Niyyət gözəldir, ancaq işin qaydası yanlışdır axı. Onsuz da xarici bir gün Nəsimidə nəyisə tutub onun dalınca özü gələcək. Bir də bir şey deyim, Nəsimini oxumağına ingilisin ehtiyacı varmı? İbn Arabinin əldə olunan ən mühüm əsərlərini əsrlər öncə tərcümə ediblər öz dillərinə. Onun şirəsini, sokunu o qədər çıxarıblar... Nəyinə gərəkdir ki, Nəsimi? Arabini öyrəniblər da. Qoy aşıq musiqisini əlində imkan olanlar anlasınlar, sonra keçərik sərhədləri.

- Desəm ki, mən də bu cür düşünürəm, hətta istədiklərimi deyirsiniz, inanmazsınız...

- Məncə, aşıq musiqisinin gözdən salınmasında bir də bu musiqinin lazımı yerlərdə ifa edilməməsi oldu. Hər yetən sazı basdı sinəsinə, toyda, meyxanada, nə bilim, içki məclislərində könül oxşamağa çalışdı. Aşıq musiqisi millətin toparlanması, dərdini paylaşması, problemlərini dilə gətirməsi üçün də bir vasitə olmuşdur nə vaxtsa. Saz hansı ehtiyacdan yaranıb?

- Musiqi nə qədər ki xalqın içində, ixtiyarında olub, yaşaya bilib, bütün xalqın yaşayışından qopub bu günə gəlibdir. Xalqımız necə yaşayıbsa, saz da onu o şəkildə ifadə eləyib. Vətənimizi, torpağımızı qorumaqda ilk önə çıxan, səfərbərlik yaradan da elə musiqimiz olub bir zamanlar. Bir də onu deyim ki, aşıq musiqisinin təməlində mistika yatır.

- İrfan deyək da. Təbii ki, mistikayla irfan ayrı - ayrı məsələlərdir. İrfan desək daha yerinə oturuşmuş olardı.

- Bəli, irfan, dərvişlik, sufilik bu sənətin köklərinə işləyib.

- Gözəl..

- Qurbaninin, Xəstə Qasımın şeirlərindəki o mənəvi məsələlər olduqca önəmlidir. Həm də bu dilin varlığı yenə də bu saza, aşıq sənətinə borcludur. Bu balaca iş deyil.

- Güneydə də burdakı kimi aşıq musiqisini, sazı gözdən salan yerlər varmı?

- Keçmişdə bu sənətimiz toylarda qorunub. Keçmişdə toylarda aşıqlarımızın səlahiyyəti və iqtidarı vardı. Həm də aşıq o aşıq idi ki, 10-15 il, bəzən uzun illər gedib ustadın yanında oturub bu sənəti hər tərəfli öyrənərdi. Ustad icazə vermədən, aşıq ortaya çıxa bilməzdi. Ancaq bu gün toylarda bu sənət məhv olub gedir. Bir aşıq dostum vardı. O tayın tanınmış aşıqlarından olan Aşıq Həsən İsgəndərli. Mənə dedi ki, getmişdim bir toya, biri itini gətirmişdi ki, 100 tümən verirəm, mənim bu itimə tərif de. O zəngin adamın itini tərifləmədiyi üçün, ona çığırıb bağırıb ki, sənə nə, mən pulumu verirəm, sən də tərif elə. Hətta təhqir də eləyiblər onu.

- Saz haram götürmür... bəli..

- Gəlirəm ora ki, bu gün bizim aşıqlar bu sənəti toy üçün öyrəniblər.

- Bir də bu məddahlıqlar baş alıb gedir deyəsən... Sənət da Haqqa xidmət etməlidir. Bu olsa xalqa da xidmət edəcək da. Nəfsini öldürə bilməmək məsələsi gətirib o yerə çıxardı ki, indi bütün ironiyalar, gülüşlər, lağlağılar, aşağılamalr bu sənətə, saza qarşı olur. Bəzən ironiya edənlər haqlıdırlar hardasa.

- Bizim evlərimizdə hər cürə musiqi aləti var. Qaboy, gitara, pianino, nə...nə...hansı musiqi aləti yoxdur ki hər evdə. Heç biri bizim musiqi alətimiz deyil. Bu gün Təbrizdə 80 faiz evdə gitara var. Gəlin, gedək İspaniyaya, bizim sazdan orda neçəsini tapa bilərsiniz.

- Azərbaycanın aşıq məktəbi olub da. Təbriz, Şirvan, Qarabağ, Göyçə, Borçalı aşıq məktəblərinin varlığı məlumdur. Ancaq bunların içində istər- istəməz müəyyən zamanda sənətin inkişafı, fərqi baxımından ön plana çıxır. Məqsəd bu bölgələr və o məktəblər arasında ayrı- seçkilik salmaq deyil. İlgi və maraq doğuracaq baxımdan hansı daha ön plandadır?

- Təbriz, Miyana, Qaradağ, Gədəbəy, Tovuz, Gəncəbasar eynidir. Arada 70-80 il gediş-gəliş omadığından bu bölgələr arasında əlaqə, bir - birini tanıma məsələləri olmayıb. Bu təbiidir. O dönəm ərzində baxırsan ki, bəzi şeylər orda, bəzi çalarlar burda artırılıb. Burda Şirvan, Güneydə Urmu məktəbi var.

- Paralellikmi aparırısınız? Yoxsa fərqləri göstərirsiniz?

- Yox, fərq baxımından demək istəyirəm, Güneydə Qaradağ aşıq mühiti tam fərqlidir. Urmu aşıq mühiti isə başqa bir fərq ortaya qoyur. Qaşqay aşıqlarına baxırısan, görürsən ki, onlar özlərinə tamamilə başqa özəlliyi daşıyan hava seçimi ediblər sanki. Gedirsən Həmədana, ya Xorasana, bu mühitlərin hər biri əsasən 60-70 havanın üzərində gedirlər. Eləcə də, Gədəbəy, Tovuz, Gəncəbasar bölgələrindəki aşıqlarla, bizdəki bəzi bölgələrin aşıqları müasirləşməyə, zamanla ayaqlaşmağa daha çox gedib. Şirvan aşıq mühiti bunlardan daha çox təsirlənib.

- Sözünüzdən anladım ki, Qaradağ aşıq mühiti daha mühafizəkardır. Onlar müasirləşmə, sintez elementlərinə o qədər də getməyiblər. Bu nəylə əlaqədard? Bəlkə dar bir mühitdə qalıb fəaliyyət göstərirlər?

- Abbas Tufarqanlıdır, Qurbanidir, Xəstə Qasımdır, burda Dədə Ələsgərdir...

- Bəs Sarı Aşıq...

-Sarı Aşıqdır, Aşıq Valehdir. Demək istəyirəm ki, bu mühitdə olan aşıqlar, yəni o taylı bu taylı götürəndə, baxırsan havalar eynidir, adlar dəyişilib bəzi yerdə, bəzisində havaya əlavələr edilib. Bəzilərində o addakı havanı bir az fərqli ifa edirlər. Məsələn, burda “Süsənbəri” havası deyirlər. “Süsənbəri”yə biz “Sulduzu” deyirik. Sulduz adı necə ki qaraqoyunlu, ağqoyunlu var, eləcə də qarapapaqlılarda olan addır.

- Bir qoludur da qarapapaqlıların yəqin? Ancaq məsələn, “Cəngi “ orda da, burda da “Cəngi “ olaraq bilinir.

- Bəli, elədir.

- Söhbət o taydan, bu taydan getmir. Söhbət bir millətin sənətindən, mədəniyyətindən, vahid dünyagörüşündən gedir. Məqsəd ondan ibarətdir ki, millətin bu boyda dəyərə sahib müqəddəs əmanətləri həyatla, dünyayla inkişafda olsun ki, alətlikdən çıxıb əşya kimi bir tərəfə atılıb qalmasın. Ona görə də, aşıq sənətində, sazda yeniliklərə açıq olmaq, öz milli çizgiləri içində yelkənləri rüzgara açmaq gərəkir. Bəlkə “Kitabi -Dədə Qorqud”a, ordakı şeir mətnlərinə, ya “Alpər Tonqa” dastanına, “Gültəkin” abidəsindəki cümlələrə, anlayış və mətnlərə dönmək, o mətnləri şeirsəlləşdirib yeni ritmlərini, intonasiya həssaslığını tapmaq, onların yeni havalarının bulunmasına yönəlmək, bəlkə ortaçağ mühitinə qayıdıb ordan üzü gələcəyə hərəkət etmək lazımdır? Sizcə, aşıqlıq sənəti durğunluq dövrünü yaşamır ki?

- Mən də deyirəm ki, aşıq sənəti bu gün çətin durumdadır. Sazımızın qabiliyyətimi aşağıdır?

- Qılınc o qılıncdır, qol həmən qol deyil bəlkə.

- Qəbahət sazımızda deyil. Sazın ritm və səs imkanları daha genişdir, tara da, kamançaya da nisbətən. Sazın qopuzdan dönüb dərisinin taxtaya çevrilməsi dünya səviyyəsində standart bir alət sayılır. Dəri adamların nəfəsinin təsirindən bütün orkestri vurar bir - birinə. Onu da qoymazlar. Saz dəridən taxtaya təkmilləşərək keçib. Sazın səsindən danışanda, məsələn, Sadıqcan gəlib tarda necə simdə dəyişiklik elədi, neçə sim artırdı. Bizim sazla bağlamanın heç bir fərqi yoxdur. Bu gün bağlamanı ki Osmanlı türkləri çalır, onun köküylə bizim sazın kökü birə-bir eynidir. Yəni 1, 2, 3, 4- cü intervalla olan səslə kök olur. Biz bir balaca bu sazda dəyişiklik eləsək, sazımızın imkanları tardan da geniş olacaq.

- Siz sazda nə yenilik eləmisiniz?

- Mən sazda üst simin yerinə qalın sim qoymuşam, bir də ara simin yerinə qalın sim qoymuşam. Bura qədər üst simlə ara sim boş çalınırdı, indi həmən simlərdə və yerdə melodi imkanları var. Belə çıxır ki, indi mən saza 8 not artırmışam, 1 oktava. Bu çox böyük məsələdir. Saz təsəvvür elə ki, 1 oktava 5 not idi. İndi olub 2 oktava 5 not.

- Bəs yaxşı, sazda indiyə kimi Azərbaycanda dediyiniz yöndəki təkmilləşmələri kim aparıb, kimlər cəhd edib buna?

- Heç kim.

- Yəni kimsə bu barədə tükünü tərpətməyib deyirsiniz?

- Pərdə artırmalarında yalnız Aşıq Əmrahı deyə bilərəm. Neçə dənə pərdə artırılıb. Bu yaxşıdır. Ancaq bundan başqa heç bir gedişat edilməyib.

- Bəs yaxşı, sazı anladıq, bu havaların, havacatların özündə yeniləşmə aparanlar olubmu? Kimlər var bu siyahıda?

- Saz solo ifaçılığı Aşıq Əmrahda başlayır, Aşıq Kamandarda, Aşıq Ədalətdə davam edir.

- Ədalət nə edib?

- Burda dedim, solo saz ifaçılığının binasını Əmrah qoyub. Ədalət də ondan güclü şəkildə təsirlənib. Hətta bir dəfə müsahibəsində oxumuşdum ki, Ədalət deyirdi “mən Əmirah əminin xidmətində olmuşam”. Hamı bilir ki, Ədalət sazda çox melodiklər, çox müasirləşmələr edib. Əmrahgil isə milli üslubda çox, amma çox işlər görüblər. Ədalət demirəm hamısında, hardasa 20-yə yaxın havalarda özünəməxsus elementlər artırıb. Dünya musiqi notlarına yaxınlaşma məsələsini də onun zəhmətinə yazmaq lazımdır.

- Hansı havaları deyirsiniz?

- Məsələn, “Yanıq Kərəmi”, “Ruhani”, “Hicran Kərəmi” kimi havaları deyərdim ki, yenidən dirildib. “Kərəm gözəlləməsi”dir, “Qaraçıdır”, “Naxçıvanidir”,”Dilqəmi”dir, bunlardakı yeni işlərini danmaq olmaz.

- Bəs bu cür işləri Güney mühitində görən olubmu, varmı bir isim? Ola bilməz ki, oralarda da nəsə baş verməsin?

- Yox, solo ifaçılığı elə Güneydə Quzeyin təsirində qalıb. Bu iş də Əmrah əmidən sonra başlayıb. Ondan əvvəl belə bir təəssürat qeydə alınmayıb.

- Siz həm də musiqi nəzəriyyəsini gözəl bilirsiniz. Sizcə, muğamların ifasını tarla deyil, sazla əvəzləmək olarmı?

- Əvvəla onu deyim ki, təkcə bizdə və Şərq xalqlarında deyil, bütün Avropa xalqlarının öz muğamı var. Avropalılar hətta pərdə dəyişikliklərini də elədilər. Yəni pərdələrdə o qədər dəyişiklik elədilər ki. 5 - 6 yüz il bunlar dərs dedilər, musiqinin nəzəri yönüylə ciddi şəkildə məşğul oldular. Dörddə bir pərdələri atdılar kənara. Böldülər iki yerə. Onların musiqiylə bağlı kitabı 1500 il əvvəl Şərq alimlərinin əlinə düşür. Sonra da Fərabinin əlinə keçir. Həm də onların digər qədim bir musiqi kitabı olub, 2700 il əvvəlin kitabı. Fərabi yunan dilini bilirdi. Baxır ki, 12 pərdənin yerinə 24 pərdə qoyublar. O da öz düşüncəsiylə azaldaraq gətirib 17 pərdə elədi. Sonra Səfiyyətdin Urməvi, Əbdülqasim Maraği gəlib bunları 15-ə qədər endirdilər. Ən uyğunu elə 12 pərdə idi. Bizdə not 7-dir. Çində, yaponlarda 5 notdur. Bizdəki onlardan 2 not çoxdur. Şəkillər, adlar tamamilə dəyişilibdir. Yəni demək istəyirəm ki, 2700 il bundan əvvəl yunanların muğamı vardı. Onlar bu məsələləri həm də elmi müstəvidə işləyiblər. Onu deyim ki, 2000 il əvvəl onlar 4 pərdəni atdılar, muğamları da yığışdırdılar. Bunlar keçdilər qam üstünə. Yəni yunanlar, eləcə də Avropa musiqisi bu üsulla o məhdudluqdan çıxıdlar.

- Yəni burdan yola çıxsaq, aşıq musiqisinin daxilində nə etmək olar? Aşıq musiqində muğamlarımızdan nələrsə eləmək mümkünmü?

- Mənim də dərdim budur da.

- Yox, deyirik, ancaq kimsə addım atmır. Buna rejim, sistem nə etsin ki? Kim qoymur, mane olur bu işlərə girişməyə? Demək bizim işin gerçəyini bilən sənətkarlar bunu eləməyə özlərində cəsarət tapa bilmirlər.

- Mən sazda eləmişəm bu işləri. Ancaq onu da demək istəyirəm ki, elə bilirsən belə addımları atmağa qoyurlar? İnanın qoymurlar. O qədər çətinliklər yaradırlar, adamın başına olmazın oyunlarını açırlar.

- Burda da qoymurlar?

- Elə burda qoymurlar da. Orda nə var axı, nəsə də edək, edə bilək. Nə edəcəyik ki? Məktəb yox, konservatoriya yox. Məktəblər də, konservatoriya da, şərait də burdadır. Elə burda qoymurlar.

- Bunu kim qoymur? Kimlər qarşı gəlirlər?
- Bunların çoxu yalançı muğam həvəskarlarıdır. Onların çoxu qorxur ki, bu notlar, ritmlər, musiqilər muğamda tardan götürülüb sazda ifa olunsa, aləm dağılacaq. Hamısı da savadsız və küt beyinlərdir. Heç nə də bilmirlər. Axtarışları yoxdur. Yeniliyə meylli deyillər. Tarla sazın fərqini də düşünə bilmirlər.

- Əla. Ancaq bir şey də mən deyim, sabah bir dəstə düzəlsin, yığışaq gedək Fransaya, İngiltərəyə, bu işləri onlara anlatsaq, bizim üçün hər cür şərait yaradarlar. Bunlar burda qalsın. Keçək sizə. Ustadınız olubmu?

- Sazı ilkin olaraq əmimdən öyrəndim. Sonra Hüseyn Əsədi adlı bir aşıq vardı, 2 il əvvəl rəhmətə getdi, onunla işləmişəm. Sonra getmişəm not müəllimlərindən dərs almışam. Məmməd Rza Dərvişidən. Sonra da Təbrizdə dərs almışam bir az.

- Neçə il dərs almısınız?

- Notla bağlı 12 il dərs almışam. Sazla bağlı ancaq 3 il dərs almışam.

-Yəni ustad - şəyirt üsuluyla dərs almamısınız anladığım qədərincə?

- Bizim zamanda o sistem qopdu. Mən özəl yollarla dərs almışam. Bizdə açıq havada da musiqi qadağa idi. Bu işləri lazımi səviyyədə öyrənmək üçün universitetlər də olmadı. Nə olursa, nə baş verirsə, indi - indi olur.

- Öz tələbələrinizə nə cür dərs verirsiniz?

- Mən saz və not dərslərini keçirəm tələbələrimə. Artıq ustad - şəyirt məsələsi bitdi da. Burda məsələn, tar ustalarının geyimlərindən onların səviyyəsini bilmək mümkün. 100 əvvəlin muğamla aşıq sənətini müqayisə eləsək yerlə göy qədər fərq hiss olunar. 90 il öncə aşıqların sovetlərdə qurultayı olub. Orda hətta Stalinə də şeir oxuyublar. Diqqətlə baxsanız, Cabbar Qaryağdıoğlu, Səməd Vurğun da orda əyləşib. Orda aşıqların oxu tərzinə qulaq asıram, məəttəl qalıram doğrusu, elə biləsən bunlar İtaliyada dərs alıblar.

- O qədər deyirsiniz?

- Bəli. Hər şey yerli yerindədir. İndi bir aşığa fortepiano öyrədincə ölüb dirilirəm. Üzeyir bəy də nələr eləmədi. İndi aşıqlarımıza baxın, tar ifaçılarımıza baxın. Aşıqlar da o toyda, bu toyda, nə bilim nə xanalardan çıxmırlar. Gedirsən konservatoriyaya, musiqinin elmini öyrənirsən və öz yerini başlayırsan bilməyə. Ancaq indi hər kəs əlinə bir saz alıb düşüb ortalığa. Demək sazın vəziyyəti pis olacaq da. Sonra da kimə yaxınlaşsan, deyir, burda mənəm, Bağdadda kor Xəlifə.

- Aşıq musiqisi həm də digər xalqların əhatəsində, yaxud da içində yarandı, intişar tapdı, yaşadı. Bizim aşıq musisqisi fars musiqisinə təsir edə bildimi? Onların bizə təsiri olduğu şəksizdir. Saz farslara təsir etdimi?

- Əvvəllər yox, indi hə.

- Anlamadım...

- Əvvəllər Şah dövründə Azərbaycan musiqisi, ümumiyyətlə, yox idi. Eşidilmirdi heç yerdə. Uşaq idim, türklər şikayət və etiraz edirdilər ki, niyə televiziyada ancaq fars musiqisi gedir? Onlar da gedib Həmədandan bir qoca, eybəcər, dişləri tökülmüş, üst-başı yaman gündə bir aşıq tapıb gətirmişdilər. Səsi də biabırçı. Sazı verdilər əlinə “Sınıdırın qızlar” şeiriylə başladı oxumağa. Dinləyən adam dua edirdi ki, Allah ona bir də bu əzabı verməsin. Sazı sevən idim, az qaldım nifrət edəm saza. Olmasa ondan yaxşı idi. “Dalğa” qrupumuzda indi yeni bir iş başlatmışıq. Dünya ritmlərindən də istifadə edirik. Melodilərə də çox imkan yaradırıq. İndi deyirik ki “Fikrət Əmirovun Şuru”. Axı onun içində gedən melodiyanın 70 faizi aşıq musiqisidir. Buna “Şur” adı ona görə verilir ki, istəyirlər aşıq musiqisi muğama bağlansın.

- Siz də acıqla muğamı sazda, aşıq musiqisində sintez edin, ya əridin də. Cəhdlər olsa, alınmazmı?

- Yox. Muğam ayrı şeydi. “Yanıq Kərəmi”dən böyük bir sinfonik əsər də yaratmaq olar. “Ruhaninin” özündən bilirsən, nələr yaratmaq olar dünya səviyyəsində. Ancaq adın qoyum “Şuri-Əmir”, bunun harasında muğam var? Deyə bildimmi?

- Gözəl dediniz. Ancaq bunları açmaq, demək, yazmaq lazımdır , məncə.

- Bayaq əsas mətləbi demədim.

- Buyurun.

- Mən 30-dan çox ölkədə konsert vermişəm. Mən bir sənətkaram. Mənim gücüm buna çatır. Tehranda konsert verirəm. 3500 nəfərlik zalda. Yarıdan çoxu farsdır.

- Niyə?

- Sevdirə bilməsək, o qədər adam gələ bilərmi? Bu musiqini bu yolla sevdirə bilirəm. Məncə, dövlət muğamı himayə elədiyi kimi, aşıq musiqisini də himayə eləməlidir. YUNESKO-da aşıq musiqisini öz adımıza yazdırırıq, ancaq toyxanalarda məhv edirik. Bu, himayə deyil. Heç bir xalq toy şəraitində öz musiqisini yayıb yaşada bilməyib. Toyxanalar musiqinin, özəlliklə, aşıq musiqisi kimi bir musiqinin inkişaf edəcəyi yer ola bilməz. Tar efir və konsert salonlarından düşmür heç bir zaman.

- Bu qədər konsert verirsiniz xariclərdə. Hansı havayla başlayırsız konsertinizə? Yoxsa...

- Fərqli olur.

- Araz Elsəsə necə baxırısınız?

- Dostumdu. O mənimlə İsveçrədə olarkən dedi ki, sən düz elədin ki, xalqın içində qaldın. Əgər istəyirsən, xalqa xidmət edəsən, mütləq xalqın içində olmalısan. Onun da güclü sənəti var. Onunku saz deyil, bağlamadır. Millətimizə musiqimizi tanıtmaq lazımdır dediniz ee, məncə, hələlik aşıq musiqisində bunu etmək lazım.

- Təşəkkür edirəm. maraqlı alındı məncə söhbət.

- Siz də var olun. Mənə də, həqiqətən, sizlə söhbət etmək xoş oldu.

Söhbətləşdi: x.telmanoğlu
Bakı Post


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər