Ru
15:00 / 22 May 2026

Trampla-Cinpin arasında Şimali Koreya-Tayvan oyunu: Bəs səmimi idilər?

Trampla-Cinpin arasında Şimali Koreya-Tayvan oyunu: Bəs səmimi idilər?
Eye

ABŞ Prezidenti Donald Trampın mayın 14-15-də Çinə səfəri fonunda tərəflərin bir çox məsələlərdə razılığa gəldikləri bəyan edilsə də, görünən odur ki, Pekinlə Vaşinqton bəzi həssas məsələlərdə bir-birinə münasibətdə kəskin mövqedə qalmaqda davam edirlər.

Bu özünü xüsusən də Pekin üçün “qırmızı xətt” olan Tayvan məsələsində göstərir. Belə ki, Çin səfərindən bir həftə keçməmiş Tramp Tayvan məsələsinə toxunaraq adaya milyard dollarlıq silah satışını davam etdirəcəyini və Tayvanın Baş naziri Lay Çinde ilə görüşmək üçün ora səfər etmək niyyətini gündəmə gətirib. Halbuki, Trampla görüşdən dərhal sonra Çin lideri Si Cinpin bildirmişdi ki, Vaşinqtonun Tayvanla yaxınlaşmaqda davam etməsi mövcud gərginliyi daha da artıracaq.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bakupost.az-a bildirib ki, ABŞ Prezidentinin Çinə səfərində bəzilərinin dediyinin əksinə olaraq, ciddi nəticələr əldə olunmayıb:

“Çin geosiyasi, hərbi məsələlərdə öz mövqeyində qaldı. Bunu ABŞ barədə də söyləmək olar. Tərəflər yalnız iqtisadi məsələlərdə razılığa gəliblər. Amma Yaxın Şərq və Tayvan məsələsində tərəflər arasında fikir ayrılığı qalmaqda davam edir. Hətta Trampın Tayvana silah satışı ilə bağlı verdiyi açıqlama, Si Cinpinin Şimali Koreyaya səfər etmək niyyətini bildirməsi onu göstərir ki, sözügedən məsələlərdə Pekinlə Vaşinqton arasında ziddiyyətlər göründüyündən də kəskindir. Pekin Şimali Koreya, Afrika və İranla bağlı məsələdə öz qütbünü formalaşdırmağa çalışır”.

Ekspertin sözlərinə görə, ABŞ ilə Çin bir-birinə qarşı əzələ nümayişini hələ davam etdirəcəklər:

“ABŞ Çinin hərbi-siyasi, iqtisadi güc mərkəzinə çevrilməsini təbii ki, həzm etməyəcək. Ona müqavimət göstərəcək. Çindəki görüşlər ümumi mənzərədə səmimi görünsə də, bir o qədər ziddiyyətlidir və ortaq məxrəcə gələ bilmədikləri həssas məsələlər də qalmaqda davam edir”.

Müsahibimizin fikrincə, Trampın Tayvanla bağlı açıqlaması hansısa məsələdə güzəştə getməsi və ya geri çəkilməsi üçün Pekinə təzyiq aləti də sayıla bilər.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar