Türkiyə tədricən bəzi döyüş təyyarələrinin Hərbi Hava Qüvvələrinin inventardan çıxarılmasından sonra qarşıdakı 8 ildə hərbi hava gücünü zəiflətməmək üçün ABŞ-dan ona 40 ədəd “F-16” satmasını və 80 ədəd “F-16” qırıcısının modernləşdirilməsini istəyib. Bu barədə Türkiyənin “Milliyət” qəzeti məlumat yayıb.
Bəs ABŞ Türkiyənin bu istəyinə necə cavab verəcək?
Məsələni
Bakupost.az saytına şərh edən
politoloq Məhəmməd Əsədullazadə bildirib ki,
Türkiyənin döyüş təyyarələrini müasirləşdirmək və yeni “F-16”lar almaq barədə Amerika ilə başlatdığı danışıqlar prosesi hələ davam edir:
“Türkiyənin Amerikadan “ F-35” təyyarələri alması da gündəmdədir. Amma Amerika, Türkiyənin Rusiya ilə hərbi texniki əməkdaşlığına görə Türkiyəni “F-35” proqramından çıxardıb. Hazırda məsələ “F-16”-la bağlıdır.
İndi Konqresin hansı qərar verəcəyi prezidentə aiddir. Prezident də artıq Türkiyəni Amerikanın Suriyada regional maraqlarını təhdid etdiyini Konqresə göndərdiyi məktubda bildirib.
Göründüyü kimi ABŞ və Türkiyə arasında ciddi şəkildə siyasi fikir ayrılıqları var. Hətta bunu böhran kimi də dəyərləndirmək olar. ABŞ-ın Türkiyəyə “F-16”ların satışını bir müddət yubadacağı da istisna deyil. Eyni zamanda “F-16”ların modernləşdirilməsi də təxirə salına bilər. Amma bu istiqamətdə danışıqlar davam edir”.
Politoloq əlavə edib ki, Türkiyə təkcə ABŞ-dan asılı deyil, Rusiya, Pakistan ilə də bu istiqamətdə danışıqlar apara bilər:
“Türkiyə yaxşı bilir ki, ABŞ bu təyyarələri satmaya və modernləşdirməyə bilər. Amma proses gedir, bu danışıqlardan asılıdır. Türkiyə də öz milli qırıcısını istehsal etməyə başlayır. Türkiyənin artıq alternativləri var. Əgər ABŞ “F-16”ların bir qismini Türkiyəyə satmasa, əlbəttə, Türkiyə, Rusiya, Pakistan və Çinə üz tuta bilər. Bu da silah bazarında ABŞ-ın kifayət qədər maliyə itkisinə gətirib çıxara və meydanı Rusiya,Çinə verə bilər. Əlbəttə, bu da Vaşinqtonun milli maraqlarına ziddir. Hər halda son söz Vaşinqtonadır. Prosesin tezliklə müsbətə doğru irəliləyəcəyini gözləmirəm”.
Fəridə Söhrabqızı
Baku Post