Paytaxtın Nərimanov rayonunda yerləşən 69 saylı uşaq bağçasından şikayət var.
Bakupost.az xəbər verir ki, bu barədə Ölkə.Az-a adının çəkilməsini istəməyən valideynlərdən biri məlumat verib.
O, bağçada övladına kobud münasibət göstərildiyini iddia edib. Valideyn həmçinin övladlarını bağçaya göndərən valideynlərin aylıq müəyyən məbləğdə ödənişlər etdiyini, pul verməyən ailələrin uşaqlarına yaxşı baxılmadığını iddia edib.
Valideyin həmçinin söyləyib ki, bayram tədbiri keçiriləcəyi üçün pul vermədiyindən onun 4 yaşlı övladı tədbirə buraxılmayıb:
“Övladımı yaşadığımız ərazidə yerləşən 69 saylı uşaq bağçasına göndərirəm. Neçə vaxtdır uşağa hədə-qorxu gəlirlər. Deyirlər ki, sən xəbərçisən, gedib anan demə. Bayramlarda paltar üçün kirayə pulu yığılır. Çox ucuz paltar üçün hər uşaqdan 20-30 manatdan pul yığırlar. Yeni il bayramı ərəfsində kim Şaxta babanın gəlməsi üçün 10 manat verirsə, guya onu akt zalına aparırlar, verməyəni aparmırlar. Bir Şaxta baba gətirirlər, amma 20-dən çox uşaqdan 10 manatdan pul yığırlar. Axı Şaxta baba 200 manata gəlmir. Özü də guya Şaxta baba özlərinin adamıdır.
Bu yaxınlarda da məndən soruşdular ki, övladınız 8 mart tədbirinə gələcək, ya yox? Mənim də həmin gün işim olduğu üçün dedim ki, biz həmin gün tədbirə gəlməyəcəyik. Uşağı birinci gün otaqda tək saxlayıblar, digər uşaqlarla hamısını akt zalına aparıblar, övladıma da deyiblər ki, səni anan zala getməyə qoymur. Uşaq da gəlib mənə narazılıq edir ki, ana, məni zala getməyə niyə qoymursan? Deyir, mən də gedib uşaqlarla rəqs etmək istəyirəm”.
Valideyn həmçinin övladını bağçaya həftənin 2 günü apardığı üçün da təhsil müəssisəsi ilə problem yaşadığını söyləyib.
“Onlayn işləyirəm, həftədə 2 gün əyani işə gedirəm deyə, uşağı 2 gün bağçaya qoyuram. Bağçadan razı qalmadığım üçün qalan günlərdə evdə olanda özüm baxıram. Neçə vaxtdır məni bezdirirlər ki, uşağı gətir. Mən də deyirəm ki, məktəb deyil ki, hər gün uşağı aparmaq məcburi olsun. İndi övladımı da sıxışdırırlar ki, sən qalan günləri nə edirsən, başqa bağçaya gedirsən?
Bu gün övladımın əşyalarını oradan götürməkdən ötrü getdim. Dedim ki, bağçadan çıxarıram. Bu vaxta qədər də bağçaya hər ay 60 manat pul verirdim. Sonra gördüm ki, övladımla yaxşı davranmırlar, mən də 30 manat verdim. Ondan sonra vəziyyəti gördüm və dedim ki, sizə heç aylıq ödəniş etməyəcəyəm. Başladılar daha da aqressiv danışmağa. Bağçada bir sıra valideynlər övladlarını qeyri-qanuni şəkildə (rəsmi portalda qeydiyyatdan keçmədən) bağçaya yazdırıblar.
Uşaqlar var ki, valideynləri 130-200 manat aylıq ödəniş edirlər ki, müəllimlər yaxşı baxsınlar. Pul verməyən valideynlərin uşaqlarına yaxşı baxılmır.
“Övladımı bağçadan çıxarıram” deyəndə müdir gəlib deyir ki, sənin övladın tərbiyəsizdir, onun tərbiyəsi ilə məşğul ol. 4 yaşında bir uşaq haqqında bu sözləri deyirlər”.
Şikayətçi iddia edib ki, bağçada başqa uşağa işçilərdən biri şillə də vurub:
“Başqa bir uşağın valideyni demişdi ki, kamera olmayan otaqda onun övladının üzünə şillə vurublar. Uşaq səlis danışa bilir, birdən evdə deyər deyə mənim uşağıma vurmayıblar.
Rəsmi şəkildə də bağçadan şikayət eədəcəyəm. Narazılığımı onlara bildirəndə deyirlər ki, get, kiməsə istəsən, şikayət elə. Hara lazımdırsa, şikayətimi bildirəcəyəm”, - deyə o əlavə edib.
Ölkə.Az sözügedən iddialarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlayıb. Qurumdan saytımıza cavab olaraq bildirilib ki, paytaxtdakı 69 nömrəli körpələr-evi uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq:
“Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir” – məlumatda deyilir.